"Təcili yardım həkimləri bir çox hallarda təzyiqə məruz qalır”

"Çox təəssüf ki, təcili yardımın gecikməsi nəticəsində çox hallarda həkimlər, tibb bacıları, sürücülər döyülmə, təzyiq halı ilə rastlaşırlar. Gecikmə halları da məhz vətəndaşların ünvanı düzgün söyləmədiyi halda olur". SİA-nın xəbərinə görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Murad Mirzəzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Əhali arasında bununla bağlı məlumatlandırmanın az olduğunu deyən baş həkimin müavininin sözlərinə görə, vətəndaşlar bilməlidirlər ki, həkim hansısa sualı verəndə onu ətraflı cavablandırmaq vacibdir: "Çünki cavablandırılan suallar xəstənin xəstəliyi və ona yardım məsələsində önəm daşıyır. Bəzi hallarda xəstənin yaxınları həkimin sualını cavablandırmaqdan imtina edir, onun əvəzində xəstənin təcili xəstəxanaya çatdırılmasını tələb etməklə yanaşı, müxtəlif təzyiqlər göstərirlər. Buna görə də təcili yardım həkimləri bir çox hallarda təzyiqə məruz qalır, döyülür və ya təhqir edilir”.

M.Mirzəzadə bildirib ki, ümumilikdə sutka ərzində təcili yardıma 2000 çağırış daxil olur və onlara 138 briqada tərəfindən yardım göstərilir: "Bu gün təcili tibbi yardım briqadaları paytaxtda qeydiyyatda olan əhalinin sayına uyğundur. Əgər ölkənin digər yerlərindən paytaxta gələnlər qeydiyyata düşsə, onlara lazımi yardım göstərmək mümkün olar. Çox zaman əhalinin yaşadığı ünvanları düzgün bildirməməsi, özləri barədə məlumat vermək istəməmələri sonradan müxtəlif problemlər yaradır. Bu gün təcili yardım göstərilməsi üçün lazımi qədər dərman ehtiyatı, avadanlıqlar, sanitar maşınlar var”.

Müəllif: Nailə Məhərrəmova
loading...