“Sərhəd kəndlərində psixoloji xidmətin təşkili”

"Vətən sərhəddən başlayır! Vətən sərhədlərimizin təhlükəsizliyinin yüksək səviyyədə qorunması hərbçilərimizin ali borcu olduğu kimi, biz müəllimlər də öz növbəmizdə mənfur düşmənlə sərhəddə yaşayan, boya-başa çatan övladlarımızın psixo-emosional təhlükəsizliyini təmin etməyə borcluyuq. Mən də, bütün bunları nəzərə alaraq qərara gəldim ki, cəmiyyətimiz və təhsilimiz üçün ümdə məsələlərdən biri olan, böyük strateji əhəmiyyət daşıyan bu problemin həllini layihə şəklində sərhəd kəndlərində həyata keçirim". SİA-nın verdiyi məlumata görə, bunu Layihə rəhbəri, Qazax şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmova deyib.

Bildirib ki, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin məktəb layihəsi kateqoriyası üzrə qalibi olmuş "Sərhəd kəndlərində psixoloji xidmətin təşkili” layihəsinə Qazax rayonunun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Abbasbəyli, Fərəhli, Böyük və Bala Cəfərli kənd məktəbləri cəlb olunub: "Layihə çərçivəsində həmin məktəblərin inzibati idarəetmə heyəti, psixoloq xidməti, sinif rəhbərləri və şagird valideyinləri üçün pedaqoji və psixoloji peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə təlimlər keçirilməkdədir. “Sərhəd kəndlərində psixoloji xidmətin təşkili” layihəsinin əsas məqsədi Qazax rayonunun ermənistanla birbaşa həmsərhəd olan kəndlərinin (Böyük Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm(erməni səngərləri ilə kəndin ərazisi arasında 100-150 metr var), Fərəhli, Abbasbəyli, Alpoud) məktəb psixoloqları, sinif rəhbərləri və valideyinləri üçün silsilə maarifləndirici təlimlər keçirmək, həmin təlimlərdə psixoloji şiddətin əlamətləri, növləri və fəsadları haqqında mühüm məqamları onlara çatdıraraq müxtəlif yaş kateqoriyasına aid şagirdlər üçün ailədə və məktəbdə optimal və komfortlu psixoloji mühit yaratmaqla təhsilin keyfiyyətinin artırılmasına və müharibə şəraitinin illər boyu şagirdlərdə yaratdığı psixoloji gərginliyin aradan qaldırılmasına nail olmaqdır".

Ş.Məhərrəmova bildirib ki, Layihənin birinci mərhələsi artıq başa çatıb: "Bu mərhələdə sərhəd kəndi uşaqları üçün stresin yaratdığı fəsadları aradan qaldırmaq məqsədi ilə silsilə yay səyahət turları təşkil edildi. Səyahətlərdə əsasən gərgin maddi və psixoloji durumda olan ailələrin uşaqları və tədris prosesində aşağı nəticə göstərən şagirdlər fəal iştirak etdilər. Səyahətlər təbii antidepressant hesab olduğu üçün psixo-həssas şagirdlərdə stresin yaratdığı fəsadlar minimuma endirilməsi, onlarda dərsə marağının yüksəldilməsi, motivə edilməsi və psixoloji gərginliyin aradan qaldırılması məqsədi daşıyır. Gəzinti turlarına Bala Cəfərli, Böyük Cəfərli və Məzəm kəndlərinin uşaqları cəlb olundu. Uşaqlar Tovuz rayonunun Heydər Əliyev adına parkında əyləncəli, şən və unudulmaz gün keçiriblər.

Eyni zamanda, avqust ayında layihəyə cəlb edilən kəndlərin məktəblilərinin həyatının bir gününü və yaşam tərzini əks etdirən sənədli film çəkildi. Filmin çəkilişi üçün Məzəm kəndinin uşaqları cəlb olundu. Belə ki, sözügedən kənd nəinki Qazaxın, eyni zamanda ölkəmizdə qoşunların təmas xəttinə ən yaxın mövqedə yerləşən yaşayış məntəqəsidir".

Layihə rəhbəri əlavə edib ki. daha sonra, layihə çərçivəsində Qazax şəhərində “Təcili psoxoloji yardım” mərkəzi açıldı və hazırda da fəaliyyət göstərməkdədir. Psixoloji mərkəzdə peşəkar pedaqoq və psixoloqlar(Mədətova Afaq Roman və Məmmədova Gülnarə Qurban qızı) xidmət göstərir. Komanda həm telefon vasitəsilə(İnam telefonu), həm də birbaşa xidmət göstərməkdədir. Xidmət, konfliktlə üzləşən məktəblilər, valideynlər və müəllimlərin təcili müraciətlərini cavablandırmaq məqsədi daşıyır. Komanda konfidensiallıq qaydalarına tam şəkildə əməl etməklə, “Dərdini bizə danış!” şüarı altında sadalanan kateqoriyalar üzrə hədəf qrupun konflikt zəminində yaranan problemlərini dinləyib peşəkar məsləhəti verərək, sözügedən konfliktin genişlənməsinin qarşısını alır.

Layihənin ikinci mərhələsi artıq başlamış, bu mərhələdə məktəb psixoloqları və müəllimlər üçün maarifləndirici təlimlərə start verilmişdir.

İkinci mərhələ üçün nəzərdə tutulan təlimlərin mövzusu:

1. Layihəyə cəlb olunacaq təhsil müəssisələrinin psixoloq və sinif rəhbərləri ilə ilkin görüş, layihənin məqsəd və vəzifələri ilə tanışlıq;

2. Məktəb psixoloqları üçün 2(4 saat) günlük təlimatlandırıcı seminarların təşkili. Psixoloji xidmətin təşkilinə və tətbiqinə aid təlimatlar;

3. Sinif rəhbərləri üçün psixo-pedaqoji təlimlərin təşkili(məktəb psixoloqlarının iştirakı ilə 1ay ərzində, həftədə 1 dəfə olmaqla, 3 saatlıq təlim);

4. Sinif rəhbəri tərəfindən şagirdlər(ailədaxili münasibətlər) üzərində psixoloji diaqnostikanın və onun təhlililnin həyata keçirilməsi

e. Layihənin ümumi icra forması və inkişaf xətti haqda məlumat

Layihə çərçivəsində

Psixoloqlar:

* şagirdlərin rəsm işlərinin psixoloji təhlilini aparır, rəsmlər əsasında ailələrin psixoloji fonunu müəyyənləşdirir.

* Psixoloji təcavüzün növləri haqqında biliklərini təkmilləşdirir.

* Digərlərinin normal hesab etdiyi məqamı psixoloji təcavüzün elementi olduğunu dəqiqliklə müəyən edir.

Müəllimlər:

* Psixoloji təcavüzün nə olduğunu izah edir, onun növlərini müəyyənləşdirir.

* Psixoloji təcavüzün əlamətlərini müəyyən edir, onun törətdiyi fəsadları izah edir.

* Şagirdlərin çəkdikləri rəsmlər əsasında psixoloji təhlil aparır, təhlükəni zamanında aşkarlayır.

* Valideyinlərə fərdi və qrup halında(seminarlar) psixoloji dəstək göstərir.

* Ailələrə təcili psixo-pedaqoji yardım göstərir.

* Digər fənn müəllimləri üçün bu mövzuda məsləhət saatları təşkil edir.

Nəticə etibarı ilə sinifin psixoloji iqlimi yaxşılaşır. Bu hal, təhsilin inkişafına öz töhfəsini vermiş olur.

Valideynlər:

* Psixoloji təcavüzün əlamətlərini bilir və törətdiyi fəsadları izah edir.

* Övladlarının əl işlərindəki “ismarıcları” oxuya bilir.

* Hüquqi savadlılığını artırır, uşaq hüquqlarından məlumatlı olur.

* Hansı hallarda psixotravmatik şəraitin yaranması, stresin nəticələri və yaranan somatik xəstəliklər haqqında məlumata malik olur.

* Ailədaxili aqressiyanın öz övladı və cəmiyyətimiz üçün hansı gələcək fəsadlara yol açdığını anlamış olur.

* Problemli şəraitdən çıxış yolunu tapmış olur.

* “Nümunəvi ailə” obrazını formalaşdıra bilir.

Layihəyə aid hazırlıq işləri, çap və elektron vəsaitlər hazırlanmış, müvafiq müqavilələr bağlanmışdır.

Həmçinin, layihənin təqdimatı hədəf ərazilərin məktəblərində həyata keçirilmişdir.

20 oktyabrdan etibarən layihə çərçivəsində hədəf ərazilərin valideyinləri üçün növbəti təlimlər təşkil ediləcək.

Valideyinlərin psixo-pedaqoji savadlılığını artırmaq üçün təlim təşkil edilir. Təlimin əhatə etdiyi mövzular:

1. Psixoloji şiddət və onun növləri;

2. Psixoloji çiddətin əlamətləri, fəsadları və diaqnostikası;

3. Şagirdin bədii əl işlərinin psixoloji təhlil metodları;

4. Təhlilin nəticəsi olaraq valideyinlərlə korreksiya işinin aparılmasının təşkili;

6. Ailədə psixotravmatik şərait;

7. Stresin törətdiyi somatik xəstəliklər;

8. Ailədaxili aqressiya və onun nəticəsi;

9. “Uşaqlar və keçid yaş dövründə onları anlama və pozitiv yönləndirmə” təlim proqramlarının təşkili

Layihənin icra aralığı: 20 iyul – 20 noyabr

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...