UNEC tələbələr üçün hansı imkanları yaradır?

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 600-dən yüksək bal toplayan abituriyent və olimpiada qaliblərinə 100 manat məbləğində xüsusi təqaüd verilır. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 manat məbləğində ikinci əlaçı təqaüdü qazanır. Yalnız UNEC-də tələbələr Universitet Daxili İkili Diplom (UDİD) proqramı vasitəsilə dörd il ərzində iki ixtisasa sahib olmaq imkanı əldə edirlər. UDİD proqramı 700 bal toplayanlar üçün ödənişsizdir. 600-dən yüksək bal toplayanlar isə təhsil haqqının 50 faizindən azad olunurlar. Bu barədə SİA-ya UNEC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramına və Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramına qoşularaq dörd il ərzində Avropanın ən nüfuzlu universitetlərinin diplomunu əldə etmək mümkündür. Tələbələr “Erasmus+” və “Mövlana” beynəlxalq proqramları çərçivəsində Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər. UNEC-də tədris Amerika, Kanada və Qərbi Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır. Elektron universitet modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edirlər. UNEC innovativ biznes inkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur. Ölkədə ilk dəfə UNEC-də fəaliyyət göstərən 7/24 kitabxana tələbələrə dərs və imtahanlara rahatlıqla hazırlaşmağa imkan verir. UNEC Yaradıcılıq Mərkəzi tələbələrə yaradıcılıq potensiallarını inkişaf etdirmək şansı yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə