“UPBA Bakı-2018” konfransı başa çatdı

Azərbaycan Dövlət Neft və Sənaye Universitenin (ADNSU) ev sahibliyi etdiyi Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı ikigünlük konfransı aprelin 20-də panel müzakirələrlə davam edib.ADNSU-dan SİA-ya verilən xəbərə görə, ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadənin moderatorluğu ilə “Sosial məsuliyyət və bilik transferi: Universitet və sənaye əməkdaşlığı” mövzusunda baş tutan ilk paneldə çıxış edən “BP Azerbaijan” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi BP şirkəti və onun yerli universitetlərə verdiyi töhfə haqqında iştirakçılara ətraflı məlumat verib. Elmin və texnologiyanın intensiv şəkildə inkişaf etdiyini vurğulayan vitse-prezident tələbələrin 4 illik ali təhsillə kifayətlənməyib özlərini inkişaf etdirə bilmələri üçün təhsil sisteminin geniş imkanlar yaratmalı olduğunu qeyd edib.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev fondun elmə töhfə verə biləcək bütün yeni fikirlərə açıq olduqlarını qeyd edib. Təcrübə mübadiləsinin önəmindən danışan Elçin Babayev Stenford, ODTU kimi ali məktəblərin təcrübələrini nümunə götürüb öz universitetlərimizə tətbiq edilməli olduğunu vurğulayıb. “Microsoft Azerbaijan” şirkətinin nümayəndəsi Qaçay Mirzəyev təmsil etdiyi şirkətin müasir biliyin, texnologiyanın Azərbaycana gətirilməsində və eyni zamanda istedadlı və maraqlı fikirləri olan gənclərin ölkə xaricində təhsil almasında dəstək göstərdiyini qeyd edib.

“Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru Dr. Sevinc Əmirova –Məmmədovanın moderatorluğu ilə “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzusunda baş tutan növbəti paneldə çıxış edən BMT-nin İctimaiyyətlə Əlaqələr Departamentinin direktor müavini Ramu Damodaran təhsildə qadınların rolundan və nailiyyətlərindən bəhs edib. Azərbaycan Respublikası Təhsil İnstitunun Ali Təhsildə İnkişaf Departamentinin direktoru Anar Nağıyev Sovet dövründən sonra ölkənin təhsil sistemində baş verən dəyişikliklər və unikal yeniliklər haqqında geniş məlumat verib. “Böyük inkişaf yolu keçən Azərbaycan təhsili artıq beynəlxalq nailiyyətlər barədə düşünməlidir” deyən Anar Nağıyev ölkədə istedadlı tədqiqatçıların olduğunu da bildirib. DAAD mübadilə proqramı haqqında məlumat verən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo əsas məqsədlərinin tələbələrə Almaniyada keyfiyyətli təhsil və tədqiqat imkanları yaratmaq olduğunu vurğulayıb. Lihay Universitetinin (Pensilvaniya ştatı, ABŞ) dosenti, Prof. Dr. Cill Sperandio Jill belə dialoqların elmin inkişafında böyük rol oynadığını və müsbət nəticələrin əldə edilməsində faydalı olduğunu bildirib.

Sonda çıxış edən UPBA-nın prezidenti Kaxa Şengeliya ADNSU-nun rektoru, professor Mustafa Babanlıya və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edib.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...