Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub FOTOLAR

“Əlil Qadınlar” Cəmiyyətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə seminar keçirilib. SİA-nın məlumatına görə, seminar çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi də təşkil olunub.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov, Əlil təşkilatları İttifaqın prezidenti Davud Rəhimli, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Qorxmaz İbrahimli, Səhiyyə Nazirliyinim nümayəndəsi Rəna İbrahimova, Peşəkar Psixologiya mərkəzinin direktoru Nuriyə Quliyeva, Asan Təlim-Tədris Mərkəzinin baş məsləhətçisi, Gənc psixoloqların İB-nin sədri Orxan Oruc, BDU-nun Sosial elmlər və psixologiya fakultəsinin könüllü tələbə və magistrları, “Ol” teatrı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, əməkdaşları Rafiq Quliyev, Səadət Təhmiraz qızı, Aynurə Xudanlı çıxış edərək belə gözəl tədbirin təşkili üçün bütün iştirakçı və təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Qeyd ediblər ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu” kimi qanunlar bu qəbildəndir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

A.Usubəliyev öz çıxışında bildirdi ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni və bərabərik. Ona görə də bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpqidə tədbirlər davam etdiriləcək.

Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarların əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunub və milli musiqimizin bir birindən dəyərli nümunələrini dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə