“Fərari”lər cəzasız qalmayacaq!

Rusiya hakimiyyəti səfərbərlik zamanı ölkədən qaçanların siyahılarını tərtib etməyə başlayıb

Rusiya hakimiyyəti elan edilən səfərbərlikdən sonra ölkəni tərk edən vətəndaşların adlarını qeyd edir. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib. O, siyahıların hansı səbəbdən tərtib edildiyini açıqlamasa da, belə vətəndaşların geri qayıdarkən onlarla necə davranılması məsələsinin olduğunu bildirib.

“Səncə, onlar gedirlər və guya heç kim onların niyə getdiklərini görmür?”

SİA-nın qəzeti “Rossiyskaya qazeta”dan əldə etdiyi məlumata görə bunu sentyabrın 28-də Dumanın iclasında Volodin bildirib.

Onun sözlərinə görə, ruslar səfərbərlikdən Moskvanın “sabitlik yaratdığı” (?-A.B.) Avrasiya İqtisadi Birliyi ölkələrinə qaçırlar.

Onun dediyinə görə, sərhədlərdə yaranan növbələrə görə belə başa düşülür ki, bəziləri hətta şəxsi avtomobillərini da Rusiya ərazisində qoyub qaçırlar.

Dumanın sədri bu avtomobillərin hərbçi ailələrinə verilməsini təklif edib. Onun sözlərinə görə, bu çox düzgün qərar olacaq. Amma... bu hələ qanunvericilik təşəbbüsü kimi təklif edilməyib.

Ötən həftə Rusiyadan gələn quru sərhəd-keçid məntəqələrində elan edilən səfərbərlikdən sonra qaçqın növbələri düzülüb, hava və dəmir yolu biletlərinin qiymətində kəskin artım qeydə alınıb. Gedənlərin dəqiq sayı barədə məlumat verilməsə də, söhbət ən azı on minlərlə insandan gedir.

Maraqlıdır ki, bu arada Almaniya və ABŞ potensial olaraq rus qaçqınlarını qəbul etməyə və ya heç olmasa onların işlərinə baxmağa razılaşıblar, lakin Rusiyanın onlarla quru sərhədi yoxdur. Ona görə də, qaçqınlar ilk növbədə Qazaxıstana, Mərkəzi Asiyanın digər ölkələrinə və Gürcüstana gedirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə