Ukraynanın 24 fevralda başlayan işğalının ilk üç ayında Avropa Birliyinin Rusiyaya ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalsa da, Rusiyadan Avropa İttifaqının 27 ölkəsinə ixracat həcmi 68 faiz artıb. SİA xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin dərc etdiyi son hesabatında deyilir. Mart-iyun ayları arasında Aİ-dən Rusiyaya 15,32 milyard avro ixrac edilib. Ötən ilin eyni dövründə bu rəqəm 30,5 milyard avroya yaxın olub.

Digər tərəfdən, eyni dövrdə Rusiyadan Aİ-yə ixrac təxminən 80 milyard avroya çatıb. 2021-ci ilin mart-iyun ayları arasında bu rəqəm 47,45 milyard avro təşkil edib.

Avropa Statistika İdarəsinin mart ayında dərc etdiyi digər hesabata görə, Aİ-nin Rusiyadan idxalının 62 faizi enerjidir. Aİ-nin Rusiyadan idxal etdiyi təbii qazın qiyməti 2021-ci ilin mart ayında 6,127 dollar/MMBtu olduğu halda, 2022-ci ilin iyun ayında qiymət 5,6 dəfə artaraq 34,35 dollar/MMBtu olub. Təbii qazın ölçülməsində istifadə olunan 1 MMBtu müəyyən temperatur və təzyiqdə təxminən 26,3 kubmetrə bərabərdir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə