İran diplomatiyası seçim qarşısında

Tehranda səfərdə olan Avropa İttifaqının (Aİ) beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Jozep Borrel və İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian bu gün apardıqları danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat konfransında hər iki rəsmi şəxsin bəyanatları və digər fikirləri mətbuat tərəfindən maraqla qarşılanıb və müzakirə predmetinə çevrilib.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ukrayna ilə Rusiya arasındakı hərbi problemə köklənən Aİ-in mühüm təmsilçisinin İrana səfəri faktının özü belə bir qədər təəccüb doğurur. Lakin bu, ilk baxışdan təəccüblü görünə bilər. Əslində isə bu səfərin səbəbi elə Rusiya-Ukrayna münaqişəsinin doğurduğu problemlərdir. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, Ukraynanı dəstəkləyən Aİ üzvləri Rusiya ilə münasibətlərində yaranan gərginlik səbəbindən enerji problemi ilə üzləşib. Daha doğrusu Avropa Rusiya qazından tamamilə imtina etmək istəyir. Hazırda yay fəsli olduğu üçün enerji problemi o qədər də qabarıq görünmür. Lakin qarşıdan gələn payız-qış aylarında Avropanın enerji problemi özünü bütün çılpaqlığı ilə göstərəcək. Avropada enerji daşıyıcılarının qiymətinin həddən artıq dərəcədə yüksəlməsi buna misaldır. Hələlik məsələni yoluna qoymaq üçün vaxt var və qış qapını kəsmədən problemi həll etmək lazımdır. Hər halda İran ilə əməkdaşlıq Rusiya qazından asılılığı aradan qaldırmaq üçün işə salınan variantlardan biridir və bundan istifadə etmək Avropa üçün zəruridir.

Mətbuat konfransında H.Ə.Abdullahian bildirib ki, Aİ-yə üzv olan və olmayan dövlətlərlə əlaqələri inkişaf etdirmək İranın prioritet siyasi xəttidir. Ticarət əlaqələrinin daha da artırılması rəsmi Tehranın maraqlarına cavab verir.

J.Borrel isə qeyd edib ki, Aİ-in regiona “yeni” baxışı körfəzi ölkələri ilə əlaqələri daha da yaxınlaşdırmaqdan ibarətdir. Avropa yeni texnologiyalar və ticarət sahələrində əməkdaşlıq təklif edir. “Mən regionun təhlükəsizliyini İransız təsəvvür etmirəm”, - deyən Aİ nümayəndəsi səfərinin məqsədinə aydınlıq gətirib.

Lakin indiki məqamda qışa kimi İrandan qaz almaq heç də asan başa gələn məsələ deyil. Böyük ehtimal ki, J.Borrelin Tehran səfəri barədə ABŞ Dövlət Departamentinin məlumatı var. İstər sanksiyaların aradan qaldırılması, istəsə də nüvə proqramı barəsində danışıqlarda əsas söz sahibi rəsmi Vaşinqtondur. Bu isə onu deməyə əsas verir ki, Rusiyanı sıxışdırmaq üçün ABŞ az da olsa, müəyyən qədər güzəştə gedib bəzi sanksiyaları ləğv etmək, İran neft və qazının dünya bazarlarına çıxarılması imkanlarına baxa bilər. Bugünkü reallıqlarda irəli sürülən təklif İran üçün hava-su kimi lazımdır. Avropada bu vəziyyəti çox yaxşı başa düşür və bilirlər ki, İranda inflyasiya, qiymətlərin sürətlə artması, əhalinin gəlirlərinin azalması, sosial vəziyyətin pisləşməsi, eləcə də quraqlıq və digər problemləri həll etmək üçün rəsmi Tehrana iqtisadi dəstək lazımdır. Bu dəstək isə İrandan qaz almaqdan ibarət ola bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 22-də Tehrana səfərindən bir gün sonra Jozep Borrelin İrana gələrək yüksək səviyyəli görüşlər keçirməsi, onu deməyə əsas verir ki, İran seçim qarşısındadır: Rusiya ilə müttəfiqliyi davam etdirməli, yoxsa Avropa bazarlarına qaz çıxarıb iqtisadi vəziyyətini düzəltməlidir? Rəsmi Tehranın hansı yolu seçəcəyini zaman göstərəcək. Hələlik isə J.Borrel Vyanada nəticəsiz və yarımçıq qalmış danışıqların bərpa olunacağını bildirib. İran diplomatiyasının ağır günləri də danışıqlar bərpa olunduqdan sonra başlayacaq. Tehran elə siyasət yürütməlidir ki, həm Avropaya qaz sata bilsin, həm də Rusiya ilə münasibətlərini korlamasın.

Bütün xəbərlər Facebook səhifəmizdə