"Qərb Rusiyanın təcavüzünə qəti şəkildə cavab verəcək" - Conson

"Qərb Rusiyanın təcavüzünə qəti şəkildə cavab verəcək" - Conson

"İngiltərə və onun müttəfiqləri fevralın 24-nə keçən gecə Ukraynanı işğal etmək məqsədi ilə Rusiyanın başlatdığı hərbi əməliyyatlara qarşı sərt cavab verəcəklər". SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson “Twitter” səhifəsində yazıb.

“Ukraynada baş verən dəhşətli hadisələr məni şoka salıb. Növbəti addımları müzakirə etmək üçün prezident Zelenski ilə danışdım”, - deyə Conson bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Putin Ukraynaya qarşı bu əsassız hücuma başlamaqla qan tökmək və məhv etmək yolunu seçib: "Böyük Britaniya və müttəfiqlərimiz sərt cavab verəcəklər".

Öz növbəsində xarici işlər naziri Liz Truss Rusiyanın Ukraynaya təcavüzünü pisləyib: “Prezident Putinin Ukrayna xalqına qarşı törətdiyi dəhşətli, səbəbsiz hücumu qətiyyətlə pisləyirəm. Biz Ukraynanı dəstəkləyirik və bu dəhşətli təcavüz aktına cavab vermək üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə işləyəcəyik”.

Məlumata görə, saat 05:00 radələrində Ukraynanın Rusiya Federasiyası və Belarus Respublikası ilə dövlət sərhədində rus qoşunları hücuma məruz qalıb. Sərhəd bölmələrinə, sərhəd dəstələrinə və keçid məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir. Bu, Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində baş verir. Bundan əlavə, hücum müvəqqəti olaraq işğal olunmuş Donetsk və Luqansk vilayətləri və Krım Muxtar Respublikasından həyata keçirilir. Düşmənin təxribat-kəşfiyyat qruplarının işi də qeydə alınır.

Sərhədçilər arasında xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə