Qalmaqallı ABŞ senatoru açıqlama verib PUTİNLƏ BAĞLI

Qalmaqallı açıqlamaları ilə tanınan respublikaçı amerikalı senator Rocer Uiker Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya rəhbərliyinə qarşı aqressiv tədbirlər görmək çağırışı edib. SİA xəbər verir ki, bu çağırışı amerikalı senator Uiker mətbuat konfransında edib.

"Düşünürəm ki, alyans, NATO-dakı dostlarımız və ikipartiyalı əksəriyyət bu dəfə Rusiya prezidenti Vladimir Putinin burnunun qanlı olmasına əmin olmaq üçün Ukraynaya kömək etməyə hazırdır", deyə Uiker mətbuat konfransında bildirib.

O, Ukraynaya səfər edən senatorlar qrupunun tərkibində olub. Uiker deyib ki, Rusiya “şər imperiyasına həsrət qalıb” və onun bərpa olunmasını istəyir.

Qeyd edək ki, Uiker daha əvvəl də Rusiya rəsmilərini qəzəbləndirən açıqlamalar vermişdi. Keçən ilin dekabrında o, nüvə silahından istifadə də daxil olmaqla, Rusiyaya qarşı hər cür çəkindirmə tədbirlərinə icazə verdiyini bildirib. Rusiyanın ABŞ-dakı səfirliyi Uikerin açıqlamalarını məsuliyyətsiz və düşünülməmiş adlandırıb. Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini, ATƏT PA-dakı nümayəndə heyətinin senatorlar hissəsinin rəhbəri Vladimir Cabarov isə Uikerin Assambleya rəhbərliyinin işində iştirakı ilə bağlı məsələ qaldıracağını bildirib.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib, qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar isə NATO-nun yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə