Fransanın daxili işlər naziri Gerald Darmanin immiqrasiya ilə bağlı görüşdən sonra təşkil edilən mətbuat konfransında Manş sahilindəki Kale və Dunkerke şəhərlərində qeyri-qanuni miqrantların yalnız 5 faizinin Fransada qalmaq, 95 faizinin isə İngiltərəyə getmək istədiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Manş boğazında yeni “dramaların” baş verməməsi üçün insan qaçaqmalçılarına qarşı mübarizəni gücləndirəcəklərini ifadə edən Darmanin, bunun üçün çalışan polislərin sayının iki dəfə artırılacağını bildirib.

Darmanin AB ilə Böyük Britaniya arasında yeni miqrasiya müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb. Qeyri-qanuni miqrantların İngiltərəyə qanuni şəkildə miqrasiya etmələri üçün imkanların olması lazım olduğuna diqqət çəkən Darmanin, İngiltərənin dəniz yolu ilə gələn qeyri-qanuni miqrantları “geri itələməsinin” qəbuledilməz olduğunu söyləyib.

Darmanin qeyd edib ki, Kastex İngiltərəyə yeni immiqrasiya müqaviləsi təklifi ilə məktub göndərəcək. İngiltərə ilə AB arasında bütün problemlərə həll yolu təqdim edən "balanslı" bir razılaşma istədiklərini vurğulayan Darmanin, Fransada sığınacaq axtaranların sayının 150 min, İngiltərəyə müraciət edənlərin isə 30 min olduğunu qeyd edib. Böyük Britaniyanı üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham edən Darmanin, La-Manş boğazı üzərində hava müşahidəsi aparmaq üçün Avropa İttifaqının (Aİ) Sərhəd Təhlükəsizliyi Təşkilatı "Frontex"ə aid 1 təyyarə və Fransaya aid 2 helikopterin işə salınacağını qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə