Covid-19-un "Omikron" variantının aşkarlandığı ölkədə yoluxma sayı artır

Yeni növ koronavirusun (Covid-19) “Omikron” variantının ilk dəfə aşkar edildiyi ölkələrdən biri olan Cənubi Afrika Respublikasında son günlər yoluxanların sayı sürətlə artmaqdadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bütün əyalətlərdə yoluxma hallarının sayının müntəzəm olaraq artdığı müşahidə edilərkən, ölkədə epidemiyanın episentri Gauteng əyaləti sayılır.

Elm adamları halların sayındakı bu artımın dünən ölkədə aşkarlanan “super variant” da adlandırılan “Omikron” variantı ilə bağlı olub-olmadığını araşdırır. Son 24 saatda 2 min 828 nəfər Covid-19-a tutulub. Noyabrın 22-də gündəlik yoluxma sayının 312 olduğu bildirilib. Bu gün qeydə alınan hallarla ümumi yoluxma sayı 2 milyon 955 min 328-ə yüksəlib. Son 24 saatda həyatını itirənlərin sayı 12 nəfər artaraq 89 min 783 nəfərə çatıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə