Rusiya bu ərazilərə iddia irəli sürüb

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərb ölkələrini qlobal istiləşmə ilə daha əlçatan hala gələn Şimal qütbünün qlobal bir rəqabət bölgəsinə çevrilməsi ehtimalına qarşı xəbərdar edib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Lavrovun şərhləri Arktika Şurasının Rusiya, ABŞ, Kanada, Norveç, Danimarka, İsveç, Finlandiya və İslandiyadan ibarət nazirlər toplantısı ərəfəsində Reykavikdə çərşənbə və cümə axşamı günü verilib.

Lavrov Moskvada keçirdiyi mətbuat konfransında, "Hər kəsə buranın uzun müddətdir torpağımız olduğu, bizim bölgəmiz olduğu tamamilə aydındır. İndi Arktika sahillərinin təhlükəsizliyini təmin etmək bizim məsuliyyətimizdir" deyib.

İqlim dəyişikliyi Arktikanı daha əlçatan hala gətirdiyindən bölgənin təbii qaynaqlarına, giriş yollarına və strateji məkana qlobal maraq Arktik Şurası üzvləri ilə yanaşı Çində də artıb.

Son illərdə Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Arktika bölgəsini strateji prioritet edib. Hərbi infrastruktura və mədənçiliyə investisiya qoymaqla Arktika Şurası üzvləri ilə gərginliyi artıran addımlar atıb.
Digər tərəfdən ABŞ bölgədə Rusiya və Çin “təcavüzü” olaraq gördüklərinə qarşı öz addımlarını atır. 2018-ci ildə ABŞ Donanması 1980-ci illərdən bəri ilk dəfə Norveç dənizində təyyarə gəmisi yerləşdirib. Nəhayət, fevral ayında Vaşinqton Qərbin bölgədəki hərbi mövcudluğunu gücləndirmək səyləri çərçivəsində strateji bombardmançı təyyarələri Norveçə təlim üçün göndərib.

Bəzi şeyləri səmimi şəkildə danışacağıq

Lavrov nitqində "NATO şimal qütbünə irəliləməsinə haqq qazandırmağa çalışarkən, bir az fərqli bir vəziyyət yaradır və burada NATO-nun şimal qütbünə gəlməsinin zəruriliyini əsaslandırmağa çalışan Norveç kimi qonşularımız üçün suallarımız var" deyib.

Səkkiz ölkənin nazirlər toplantısında Rusiya xarici işlər naziri "bunu səmimi şəkildə danışacağıq" deyib və üzv ölkələrin Baş Qərargah rəisləri arasında müntəzəm dialoqun aparılmasını təklif edib.

İclasın sonunda Şuranın yaxın on il üçün yekun bəyannamə və ortaq strateji plan verəcəyi gözlənilir. Arktikada buz örtüyü azaldıqca Rusiya xarici bazarlara neft və qaz ixrac etmək üçün Şimal Dəniz Yolu nəqliyyat kanalından yararlanacağına ümid edir.

Rusiya bölgəni strateji ərazi olaraq görür və sərmayə qoyur

Moskva ənənəvi Süveyş Kanalı marşrutu ilə müqayisədə gəmilərin Asiya limanlarına səyahətlərini 15 gün qısaltmasına imkan verən marşrutun yaxşılaşdırılmasına böyük vəsait qoyub. 2017-ci ilin avqust ayında ilk buzqıran gəmidən istifadə etmədən Şimal dəniz yolu ilə səyahət etdi.

Moskva bölgədəki hərbi varlığını da gücləndirir. Sovet dövrünün sonundan bəri tərk edilmiş bir neçə baza və hava limanı yenidən açılıb və modernləşdirilib. Bu bazalara ən müasir S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

Gərginliyin artmasına baxmayaraq, Rusiya və ABŞ bu ilin əvvəlindəki iqlim müzakirələri zamanı Şimal qütbünü əməkdaşlıq sahəsi olaraq təyin ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə