Ayı “fəth etmək” uğrunda mübarizə

Ayı “fəth etmək” uğrunda mübarizə

Pekin, Vaşinqtonun kosmosdakı hegemonluğu ilə heç cür barışa bilmir və hətta son zamanlar ona meydan oxumaq niyyətindədir. Təbii ki, bu, Çinin Rusiya ilə birlikdə Ayda elmi stansiya tikmək qərarından sonra mümkün olub. Maraqlıdır ki, bu ölkələr həmin niyyətlərini Fransaya, əslində isə ümumilkdə Avropaya qarşı da nümayiş etdirməyə çalışırlar.

SİA xarici mətbuata istinad edir.

Belə görünür ki, dünyanın aparıcı qüvvələri arasındakı rəqabət sahəsi artıq Aya qədər genişlənməkdədir. Bildirək ki, bir neçə gün bundan əvvəl Çinlə Rusiya birlikdə Yer peykinin səthində və orbitində stansiya qurmaq niyyətlərini açıqlayıblar.

Əslində, bu, Pekin üçün elə də bir yenilik sayılmamalıdır. Çünki bu dövlət 2030-cu ilə qədər Ayda elmi baza yaratmağı qarşısına məqsəd qoymuşdu.

Qeyd edək ki, Pekinin bu istiqamətdəki əsas məqsədi son on illər kosmik yarışda liderlik edən ABŞ-a meydan oxumaqdır. Xatırladaq ki, sabiq ABŞ prezidentı Donald Tramp 2024-cü ildə ölkəsinin yenidən Aya qayıdacağına söz vermişdi. Əslində, bu "qayıdış" Vaşinqtonun Ay orbitində kiçik bir stansiya yaradılmasına hesablanıb. Bildirək ki, bu layihəyə artıq Kanada, Yaponiya və Avropa Kosmik Agentliyi də qoşulub.

Buna baxmayaraq, hazırda Rusiyanın "Roskosmos" və Çinin Milli Kosmik İdarəsi yeni layihə üzərində işləyirlər. Maraqlıdır ki, bu ölkələr layihənin "bütün maraqlı ölkə və beynəlxalq tərəfdaşlar üçün" açıq olacağını da bəyan ediblər.

Hazırda Pekinin kosmosun "fəthi" Xalq Azadlıq Ordusu tərəfindən idarə olunur və Çin təsirinin ümumi yayılması planlarının bir hissəsi kimi "təqdim edilir".

Əlbəttə ki, bu gün Çinin texniki və maliyyə qaynaqları ABŞ-la müqayisə edə bilməz. Çünki burada Vaşinqtonun beş qat üstünlüyü var. Buna baxmayaraq, Pekin kosmik proqramını reallaşdırmaq üçün təxminən 8 milyard dollar ayırıb. Burada görünən, rəqiblərin kosmosda öz hegemonluqlarını təmin etməyə çalışmalarıdır.

Yeri gəlmişkən bildirək ki, amerikalı milyarder Elon Muskin müəssisəsi də 2024-cü ildə ayrıca olaraq Aya uçmağı planlaşdırırdı.

Bu yerdə bildirək ki, ABŞ, Çin və Rusiyanın kosmos tədqiqatları ilə bağlı küncə sıxışdırmaqlara çalışdıqları həm Fransa, həm də Avropanın digər ölkələri bununla barışmaq niyyətində deyillər. Çünki bu, onların, ümumiyyətlə Avropanın kosmik sənayesini tənəzzülə sürükləyə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə