Yanğınla əlaqədar Ukraynada matəm elan olunub

Ukraynanın Odessa şəhərində kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

SİA “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Maksim Kutsiy şənbə günü “facebook” hesabında yazıb.

Qubernator qeyd edib ki, 8-ci qurban fədakar yanğınsöndürən 1976-cı il təvəllüdlü Sergey Şatoxin olub: “Xəstəxanada komada olan xilasedici Sergey Şatoxin öldü. Kollec tələbələrinin təxliyəsi zamanı o, yüksəklikdən yıxılaraq ağır xəsarət aldı. Həkimlərin üç günlük səyinə baxmayaraq, cəsur xilasedicini həyata qaytarmaq mümkün olmadı. Sergey dəhşətli faciənin səkkizinci qurbanıdır”.

M.Kutsiy vurğulayıb ki, hazırda xilasedicilər dağıntılar altında daha on nəfəri axtarır. Kollecdə axtarış-xilasetmə işlərinə ümumilikdə 231 nəfər heyət üzvi cəlb edilib.

Bu arada, Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə