Avstriyanın paytaxtı Vyanada Misirin keçmiş kraliçası Nazliyə məxsus, üzərində 673 brilyant olan qiymətli boyunbağı muzeydən oğurlanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Vyana Tətbiqi Sənət Muzeyində (MAK) keçirilən zərgərlik sərgisi zamanı baş verib. Polis oğurluqda şübhəli bilinən iki şəxsin axtarışını davam etdirir.
Məlumata görə, 200 karatlıq platin boyunbağı sərgi salonunda nümayiş etdirilirdi. İki kişi muzeyə giriş bileti aldıqdan sonra sərgi zalına daxil olub. Onlar çəkiclə şüşə vitrini sındıraraq boyunbağını götürüb və hadisə yerindən qaçıblar. Şübhəlilərin üzləri açıq olub və onların görüntüləri təhlükəsizlik kameralarına düşüb.
Avstriya polisi hadisə ilə bağlı ictimaiyyətdən məlumat istəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Vyana şəhər mərkəzində axtarış aparıb, şübhəlilərin izinə düşmək üçün xüsusi təlim keçmiş itlərdən də istifadə edilib. İstintaqın ilkin ehtimalına görə, oğurluq cinayətkar qruplaşmanın sifarişi əsasında həyata keçirilmiş ola bilər.
-Kraliça Nazlinin boyunbağı
Sərginin sənədlərinə əsasən, qiymətli boyunbağı vaxtilə Misir kraliçası Nazliyə məxsus olub. O, boyunbağını 1939-cu ildə qızı Fövziyyənin İranın o zamankı vəliəhdi Məhəmməd Rza Pəhləvi ilə toy mərasimində taxıb. Pəhləvi sonradan İran şahı olub.
Boyunbağı 2015-ci ildə Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 4,3 milyon dollara satılıb.
Oğurluq zamanı muzeydə heç kim xəsarət almayıb. Hadisənin baş verdiyi vaxt sərgi zalında bir neçə ziyarətçi olub.
Boyunbağı iyun ayından muzeydə nümayiş etdirilən, fransız zərgərlik şirkəti “Van Cleef & Arpels”in 300-dən çox əsərinin yer aldığı sərginin əsas eksponatlarından biri olub. Sərgi sentyabrın 27-dək davam etməli idi, lakin oğurluqdan sonra müvəqqəti olaraq bağlanıb.
-Avropada muzey qarətləri artır
Bu hadisə Avropanın muzey və mədəniyyət müəssisələrində son dövrlərdə baş verən bir sıra diqqətçəkən oğurluqlardan biridir.
Məlumata görə, ötən ilin oktyabrında Parisdəki Luvr muzeyinə gündüz saatlarında daxil olan oğrular bir neçə dəqiqə ərzində ümumi dəyəri 88 milyon avro olan tac-ziynət əşyalarını aparıblar.
Son günlər İspaniyada Tunc dövrünə aid “Villena xəzinəsi”nin, İtaliyanın Messina şəhərində isə XV əsr rəssamı Antonello da Messinanın dörd əsərinin oğurlanması da Avropada muzeylərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Avropa Polis Təşkilatının (Europol) bu ay yayımladığı hesabatda da muzeylərə qarşı qarətlərin getdikcə daha zorakı xarakter aldığı bildirilib. Hesabatda oğruların bəzi hallarda silah, balta, ağır çəkic və hətta partlayıcı vasitələrdən istifadə etdiyi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB