Meksikada AVM yanğını: 5 ölü, 30 yaralı

Meksikanın şimal-qərbində yerləşən Sinaloa əyalətində bir ticarət mərkəzində baş verən yanğında ilkin məlumatlara görə 5 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sinaloa əyalətinə bağlı Los Mochis şəhərində yerləşən “Plaza Fiesta Las Palmas” adlı ticarət mərkəzində dünən yerli vaxtla günorta saatlarında yanğın baş verib. Hadisə nəticəsində ilkin məlumatlara əsasən 5 nəfər ölüb, 30 nəfər yaralanıb.

Sinaloa Şimal Bölgəsi Baş Prokurorunun müavini Jesus Serrano yerli mediaya açıqlamasında 4 meyitin şəxsiyyətinin müəyyən edildiyini, içəridə daha 1 nəfərin olduğu barədə məlumat daxil olduğunu bildirib. O, prosesin uzun və çətin olacağını, ölənlərin ailələri ilə əlaqə saxlanılacağını qeyd edib.

Yerli mətbuatda yer alan və şahid ifadələrinə əsaslanan xəbərlərə görə, yanğının ticarət mərkəzindəki restoranlardan birinin mətbəxində başladığı ehtimal edilir. Binada yanıcı materialların çox olması səbəbindən alovun qısa zamanda yayıldığı bildirilir.

Sinaloa Əyalət Prokurorluğu sosial media üzərindən açıqlama yayaraq, yaralanan 30 nəfərin yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyini bildirib. Yanğınsöndürmə və xilasetmə qruplarının fəaliyyəti davam edir, hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə