Hörmüz Boğazındakı minaların təmizlənməsi 6 ay çəkə bilər

ABŞ mediasında yayılan iddialara görə, Hörmüz Boğazında yerləşdirilən minaların tamamilə təmizlənməsi təxminən 6 ay vaxt apara bilər. Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan münaqişə bitmədən bu prosesin həyata keçirilməsi ehtimalı aşağıdır.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Washington Post” (WP) qəzetinin adını açıqlamayan üç rəsmi şəxsə istinadən verdiyi xəbərə görə, Pentaqonun yüksək səviyyəli rəsmisi ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvlərinə qapalı brifinq zamanı Hörmüz Boğazındakı minaların təmizlənməsi ilə bağlı təxmini vaxt çərçivəsini təqdim edib.

Məlumata əsasən, rəsmilər Hörmüz Boğazında minaların təmizlənməsinin 6 aya qədər çəkə biləcəyini və ABŞ–İsrail–İran qarşıdurması bitmədən bu əməliyyata başlanma ehtimalının zəif olduğunu bildiriblər. Bu qiymətləndirmənin həm demokrat, həm də respublikaçı konqresmenlər tərəfindən məyusluqla qarşılandığı qeyd olunur.

Həmçinin iddia edilir ki, konqres üzvlərinə İranın Hörmüz Boğazı ətrafında “20 və ya daha çox” mina yerləşdirmiş ola biləcəyi, bəzi minaların isə GPS texnologiyası ilə uzaqdan idarə edilə bildiyi barədə məlumat verilib. Bu səbəbdən ABŞ qüvvələrinin minaların yerləşdirilməsi zamanı onları aşkarlamasının çətin olduğu vurğulanır.

Digər tərəfdən, Pentaqon WP-nin bu prosesin müddəti ilə bağlı suallarını cavablandırmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlardan sonra regiona yayılan gərginlik 8 aprel tarixində ABŞ və İran arasında iki həftəlik atəşkəslə nəticələnmişdi. 11 apreldə tərəflər Pakistan vasitəsilə İslamabadda danışıqlar aparsalar da, görüşlərin razılaşma olmadan başa çatdığı bildirilmişdi.

ABŞ Prezidenti Donald Trump Pakistanın da tələbi ilə İran tərəfindən yeni təklif irəli sürülənədək atəşkəsin uzadıldığını açıqlamışdı.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə