Astanada 140 sənətkarın iştirakı ilə Yeni il yarmarkası keçirilir

Qazaxıstanın əsas sərgi məkanı olan Astanadakı EXPO Beynəlxalq Sərgi Mərkəzində “Жаңа жыл Fest” Yeni il yarmarkası keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirə Qazaxıstan “Xüsusi Uşaqların Valideynləri Birliyi” regional ictima təşkilatından dizaynerlər, sənətkarlar və valideynlər də daxil olmaqla, təxminən 140 iştirakçı qoşulub. Onlar əl işləri, Yeni il hədiyyələri, suvenirlər, oyuncaqlar, dekorasiyalar, zərgərlik məmulatları, geyimlər, tekstil məmulatları, şirniyyatlar və digər mallar təqdim edirlər.

Yarmarka çərçivəsində qonaqlar üçün tematik foto zonalar, ustad dərsləri, uşaq gözəllik müsabiqələri, konsert tamaşaları, Şaxta Baba və Qar qızla görüş, cizgi filmi nümayişi, eləcə də 10 Yeni il hədiyyə səbəti lotereyası da daxil olmaqla, zəngin mədəni və əyləncə proqramı hazırlanıb.

Dekabrın 21-də yarmarkanın səhnəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə konsert keçiriləcək. Tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsinə və sosial inteqrasiyasına, onların istedadlarının üzə çıxmasına və bayram ab-havasının yaradılmasına yönəldilib. Proqramda təxminən 200 iştirakçı uşaq vokal, rəqs və yaradıcı nömrələrlə çıxış edəcək. Bütün iştirakçılara Yeni il hədiyyələri təqdim olunacaq.

Yarmarka “QazExpoCongress” milli şirkəti tərəfindən Garage Fest ilə birgə təşkil olunur.

“Жаңа жыл Fest” sadəcə yarmarka deyil, həm də sosial sahibkarlığın dəstəklənməsi, inklüziv cəmiyyətin və mədəniyyətin inkişafı üçün bir platformadır.

Bütün xəbərlər Facebook səhifəmizdə