İngilislərin xüsusi təyinatlı qüvvələri və casuslarının məlumatları sızıb

Böyük Britaniyanın 100-dən çox rəsmi şəxsinə, o cümlədən xüsusi təyinatlılar və kəşfiyyat əməkdaşlarına aid şəxsi məlumatlar 2022-ci ildə baş vermiş və bu günə qədər ictimaiyyətdən gizli saxlanılan kütləvi məlumat sızması zamanı ifşa olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumat yalnız bu gün Ali Məhkəmə hakiminin qismən qaldırdığı məxfilik qərarından sonra ictimaiyyətə açıqlanıb. Məlumatların Talibanın əlinə keçə biləcəyi ehtimal edilir.

Sızma nəticəsində SAS və SBS kimi Böyük Britaniyanın xüsusi təyinatlı bölmələrinin üzvlərinin, həmçinin təhlükəsizlik xidmətlərində çalışan şəxslərin kimlikləri üzə çıxıb. Bu məlumatlar adətən ciddi qorunan dövlət sirri hesab olunur. İnsident 2022-ci ilin fevralında Londonda yerləşən Xüsusi Təyinatlı Qüvvələrin qərargahında çalışan bir şəxsin məlumat bazasını səhvən hökumət xaricinə göndərməsi ilə baş verib. Sızan bazada, həmçinin Böyük Britaniyanın Əfqanıstandakı 20 illik hərbi əməliyyatları dövründə əməkdaşlıq etmiş və 2021-ci ildə Talibanın yenidən hakimiyyətə qayıdışından sonra Birləşmiş Krallıqda sığınacaq üçün müraciət edən 19 minə yaxın əfqan vətəndaşının şəxsi məlumatları da yer alıb. Bu şəxslərin çoxu Britaniya hökuməti ilə əməkdaşlıqlarına görə Taliban tərəfindən təqib və hətta ölüm təhlükəsi ilə üz-üzə qala biləcək risk qrupuna daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə