Türkiyə parlamenti ölkə tarixində ilk “İqlim qanunu”nu müzakirə edəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) gələn həftə ölkə tarixində ilk “İqlim qanunu”nun müzakirəsinə başlayacaq. SİA xəbər verir ki, normativ akt layihəsi ətraf mühitin mühafizəsinə səmərəli töhfə vermək və iqlim böhranının nəticələrinin qarşısını almaq məqsədi ilə hakim Ədalət və İnkişaf Partiyasının səyləri ilə hazırlanıb.

Sənəddə bildirilir ki, Türkiyənin enerji siyasətinin prioritet istiqamətləri bərpaolunan enerji mənbələrindən fəal istifadə edilməsi və “yaşıl texnologiyalar”ın tətbiq edilməsidir.

Qanun layihəsinin məqsədlərindən biri 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarının sıfıra endirilməsidir.

Layihənin müəllifləri Türkiyənin 81 əyalətinin hər birində əyalət valisinin sədrliyi ilə iqlim dəyişikliyi üzrə koordinasiya şuralarının yaradılmasını təklif edirlər.

Həmçinin iqlim dəyişikliyi məsələləri üzrə yerli səviyyədə fəaliyyət planlarının hazırlanması, eləcə də ölkənin su ehtiyatlarından maksimal dərəcədə səmərəli istifadə etmək üçün planların hazırlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə