Almaniyada ifrat sağçılar güclənir..?

Almaniyada növbədənkənar federal seçkilərdən cəmi beş həftə sonra keçirilən yeni ictimai rəy sorğusu ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqinin artdığını göstərib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, AfD ilə seçkilərin qalibi olan Xristian Birlik (CDU/CSU) bloku arasındakı fərq cəmi bir faizə enib. CDU və CSU birlikdə rəyi soruşulanların 25 faizinin səsini alıb ki, bu da seçkilərdən sonra ciddi eniş deməkdir. Eyni zamanda, AfD 24 faizlik göstərici ilə partiya tarixində ən yüksək nəticəyə nail olub.

Xatırladaq ki, fevralın 23-də keçirilmiş seçkilərdə Birlik bloku 28,5 faizlə qalib gəlmişdi. AfD isə 20,8 faizlə ikinci olmuşdu.

Xristian Birlik bloku ilə koalisiya müzakirələrini davam etdirən Sosial Demokratlar Partiyası (SPD) də sorğuda geriləyib və 15 faizlik nəticə əldə edib. Yaşıllar 12 faiz, Sol Partiya isə 10 faiz dəstək qazanıb.

Bu nəticəyə əsasən, CDU/CSU və SPD birlikdə Bundestaqda çoxluğu əldə edə bilməz. Bunun üçün Yaşıllar və ya Sol Partiya da koalisiyaya daxil edilməlidir.

Sorğunun nəticələrinə görə, seçicilər arasında CDU/CSU-nun problemləri həll etmək bacarığına inam azalaraq 21 faiz olub. Halbuki, bu göstərici seçkilərdən dərhal sonra 27 faiz təşkil edirdi. Onu 12 faizlə AfD, 9 faizlə SPD, 7 faizlə Yaşıllar və 5 faizlə Sol Partiya izləyir. Respondentlərin 43 faizi isə heç bir partiyanın problemləri həll edə biləcəyinə inanmır.

Bundan başqa, Almaniya Kansleri vəzifəsinə əsas namizəd olan Fridrix Mertsin nüfuzu da azalıb. Hazırda respondentlərin cəmi 28 faizi ona etibar etdiyini bildirib. Bu göstərici dekabrın əvvəlində 36 faiz idi.

Bütün xəbərlər Facebook səhifəmizdə