Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına adekvat hüquqi qiymət verməsi mütləqdir - İtaliya mediası
İtaliya mətbuatında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar məqalələr dərc olunub. SİA xəbər verir ki, “Kmetro0”, “Agenparl”, “Agenzia Nova” kimi saytların yaydığı materiallarda Azərbaycan xalqının fevralın 26-da bu dəhşətli faciənin qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir.
Yazılarda Xocalı qətliamının müasir tarixin ən qəddar və qanlı faciələrindən biri olduğu vurğulanır. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib. Erməni hərbçiləri görünməmiş vəhşiliklə dinc əhaliyə qarşı soyqırımı törədib, 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı vəhşicəsinə qətlə yetiriblər. Şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Vurğulanır ki, Xocalı qətliamı ilə insan hüquqlarını qoruyan bütün beynəlxalq konvensiyalar və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı normalar ciddi şəkildə pozulub. 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı Konvensiyası, İşgəncələrə qarşı Konvensiya və yaşamaq hüququ, fiziki və əqli toxunulmazlıq, işgəncə və qeyri-insani rəftardan azad olmaq kimi əsas hüquqları təsbit edən digər beynəlxalq qanunlar pozulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev sayəsində Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verib.
Materiallarda diqqətə çatdırılır ki, Ermənistanın keçmiş rəsmilərinin, məsələn, sabiq prezident Serj Sarkisyanın bəyanatları, eləcə də bədnam terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu: bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında açıqlanan ifadələri bu qətliamın əvvəlcədən düşünülmüş mahiyyətini daha da ortaya qoyur. Hətta erməni yazıçısı Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabında dediyi sözlər, Xocalıda baş verən hadisələrin, türklərə qarşı törədilmiş cinayətlərin təsviri bir daha sübut edir ki, Ermənistanda mövcud ideologiya başqa xalqlara qarşı nifrətdən formalaşıb. Bundan başqa, cinayətlərin törədildiyi yerlərin əyani sübutları, o cümlədən kütləvi məzarlıqlarda basdırılmış qurbanların cəsədlərinin qalıqları Ermənistanın azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyini daha birmənalı sübut edir.
“Bu hadisələri gözardı etmək və ya kollektiv yaddaşdan silmək olmaz. Beynəlxalq ictimaiyyətin bu vəhşilikləri etiraf etməsi və Xocalı soyqırımına adekvat hüquqi qiymət verməsi mütləqdir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının faciəsi deyil, bütün bəşəriyyəti narahat edən açıq yaradır. Beynəlxalq təşkilatlar, hökumətlər və qlobal miqyasdakı qurumlar baş verənlərə biganə qala bilməz. Xocalı soyqırımının bütün dünyada rəsmən tanınması, ədalətin bərqərar olması üçün qanuni addımların atılması və bu vəhşiliklərin xatirəsinin qorunub saxlanılması lazımdır ki, bir daha belə cinayətlər təkrarlanmasın”, - deyə yazılarda qeyd olunur.
Materiallarda Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanatından fikirlərə yer verilib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın bu qətliamın bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olduğunu qeyd etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə