Türkiyənin hökumət üzvləri Kahramanmaraşda “Azərbaycan” məhəlləsinə baş çəkiblər - FOTO

2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə Türkiyə hökumətinin bir sıra üzvləri Kahramanmaraş şəhərində inşa olunan “Azərbaycan” məhəlləsinə baş çəkiblər. SİA xəbər verir ki, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən genişmiqyaslı yaşayış layihəsinin inşa işləri ilə tanış olublar.

Ziyarət başa çatdıqdan sonra Türkiyənin Nazirlər Kabinetinin üzvləri mətbuata açıqlama veriblər.

Əmək və sosial müdafiə naziri Vedat Işıkhan zəlzələ nəticəsində 53 mindən çox Türkiyə vətəndaşının həyatını itirdiyini, 107 mindən çox insanın isə yaralandığını xatırladaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Fəlakət qarşısında Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşdi və fəlakət zonasında yerləşən 11 əyalətə dəstək çağırışına qoşuldu”, – deyə Işıkhan vurğulayıb və dövlətin heç bir vətəndaşını çarəsiz buraxmayacağını qeyd edib.

O vurğulayıb ki, fəlakət zonasında aparılan işlər əyalət tam bərpa olana qədər davam edəcək.

Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır isə öz növbəsində regionun sənaye infrastrukturuna dövlət tərəfindən dəstək göstərilməsinin cari ildə də davam edəcəyini bildirib. Onun sözlərinə görə, fəlakət zonasına daxil olan 65 rayonda investisiyalar təşviq edilir. Bundan başqa vergi güzəştləri və güzəştli kredit imkanları sayəsində bölgədə 1116 layihənin icrası üçün müraciətlər daxil olub və nəticədə 50 mindən çox yerli sakinin işlə təmin olunmasına şərait yaranıb.

Daha sonra çıxış edən kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bəyan edib ki, yaxın iki il ərzində zəlzələ bölgəsinin su təchizatı və meliorasiya sistemlərinə 46 milyard lirə vəsait sərf olunacaq. Bu, son iki illə müqayisədə iki dəfə çoxdur.

“Fəlakət zonası Türkiyənin strateji əhəmiyyətli kənd təsərrüfatı bölgəsidir və ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Türkiyədə istehsal olunan aqrar məhsulların 15 faizi, kənd təsərrüfatı ixracının isə 20 faizi zəlzələdən ziyan çəkmiş əyalətlərin payına düşü”, – deyə Yumaklı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə