Yaşar Gülər öz fikirlərini mətbuata bildirib

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Amerika Birləşmiş Ştatları prezidenti seçilən Donald Trampın Suriyadan ABŞ qoşunlarını geri çəkə biləcəyini bildirib.

SİA xəbər verir ki, televiziya kanalında çıxış edən Y.Gülər ABŞ-da prezident seçilən Donald Trampla bağlı görüşlərini ifadə edib. O, "Prezidentliyi dövründə üç dəfə Suriyadan qoşunları geri çəkmək üçün göstəriş verdi. Mən düşünürəm ki, cənab Tramp bunun üzərində ciddi dayanacaq və bölgədən ABŞ əsgərlərini geri çəkə bilər" deyib.

Trampın ikinci dönəmində Türkiyənin “F-16” təchizatı və “F-35” məsələsində sürətlənmə gözlənilib-gözlənilmədiyi sualına Gülər belə cavab verib: "Hal-hazırda amerikalı dostlarımızla münasibətlərimiz çox müsbət istiqamətdədir, bir geriləmə olmaz. Daha da irəliyə gedə bilərik. 40 ədəd “F-16 Viper” almaq istəyirik və alınacaq, müqavilələr də imzalanıb. Bundan sonra isə “Eurofighter Typhoon” təyyarələrindən də yenə 40 ədəd alacağıq. Almaniya uzun müddətdir buna qarşı çıxırdı, lakin sonda NATO-dakı dostlarımız olan İngiltərə, İtaliya, İspaniyanın müsbət dəstəyi ilə Almaniya da nəhayət müsbət cavab verdi."

Terrorla mübarizə mövzusuna da toxunan nazir Suriyada PYD terror təşkilatına ağır itkilər verildiyini, TUSAŞ hücumunda həyatını itirənlərin intiqamının artıqlaması ilə alındığını vurğulayıb.

TUSAŞ-a qarşı terror hücumu ilə bağlı fikirlərini bildirən Yaşar Gülər "Əlbəttə, bu hücumun zamanlamasını xüsusi hesab edirəm. Bu hadisə ilə ölkəmizin və millətimizin təhlükəsizliyi ilə əlaqəli olan yerli və milli müdafiə sənayemiz birbaşa hədəfə alınmışdır" deyib.

TUSAŞ-ın Türkiyənin müdafiə sənayesinin göz bəbəyi olduğunu vurğulayan Y.Gülər hücumun təsadüfi olmadığını qeyd edərək bunları bildirib: "Müdafiə sənayemizdə hər gün yeni bir məhsul təqdim edilir. Mükəmməl inkişaflar var. Müdafiə sənayemizin hər bir sahəsində çox intensiv işlər görülür. Beləliklə, TUSAŞ bu səbəbdən hədəf olaraq seçilmiş ola bilər."

Bütün xəbərlər Facebook səhifəmizdə