Dəbdəbəli hədiyyələrə meyilli agent

Dəbdəbəli hədiyyələrə meyilli agent

Amerikalı keçmiş MKİ və Ağ Evin Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə eksperti Sue Mi Terri “dəbdəbəli hədiyyələr müqabilində Cənubi Koreya hökumətinin agenti olmaqda” ittiham olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Manhettendə keçirilən məhkəmə prosesində irəli sürülən ittiham aktına görə, 51 yaşlı Sue Mi Terri ABŞ qarşısında Cənubi Koreyanın siyasi mövqelərini müdafiə edib, ABŞ hökumətinə aid olmayan məlumatları Cənubi Koreya kəşfiyyat rəsmilərinə ötürüb və Cənubi Koreya hökumət rəsmilərinin məlumatlara çıxışını asanlaşdırıb.

Bunun müqabilində Terriyə Bottega Veneta və Louis Vuitton əl çantaları, Dolce & Gabbana pencəkləri, Michelin ulduzlu restoranlarda şam yeməyi və Cənubi Koreya əsilli və ABŞ vətəndaşı olan Terriyə 37 min dollardan çox “gizli” pul verildiyi iddia edilir.

2011-ci ilə qədər Təhlükəsizlik Şurasında əvvəlcə MKİ analitiki, sonra isə kəşfiyyat üzrə məsləhətçi işləyən Terri 2013-cü ilin iyun ayından bu yana adı açıqlanmayan bir “vasitəçi” ilə “xarici agent” kimi dəfələrlə görüşüb. Terri Federal Təhqiqat Bürosuna (FTB) verdiyi açıqlamada 2022-ci ildə ABŞ dövlət katibi Antoni Blinkenin də qatıldığı Şimali Koreya ilə bağlı görüşdə əllə yazılmış qeydləri Cənubi Koreya kəşfiyyatına ötürdüyünü də etiraf edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə