Rusiyada miqrantlar üçün patentin qiyməti 4 dəfə artırıla bilər

Rusiyada miqrantlar üçün patentin qiyməti 4 dəfə artırıla bilər

Bu arada Dövlət Dumasının Büdcə və Vergilər Komitəsi xarici vətəndaşların Rusiya Federasiyasında işləyərkən ödədikləri sabit avans ödənişlərinin məbləğinin artırılmasını təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanuna müvafiq düzəliş “Ədalətli Rusiya” partiyasının nümayəndələri tərəfindən hazırlanıb. Dəyişikliklərin müəllifləri patent üçün rüsumun 1200-dən 4800 rubla (12 dollardan 50 dollara) artırılmasını təklif ediblər. Onların fikrincə, bu təşəbbüs Rusiya əhalisini əmək cəbhəsində dəstəkləmək məqsədi daşıyır.

Rəsmi məlumatlara görə, ötən il 3,5 milyona yaxın miqrant Rusiyaya iş dalınca gedib. Onların 90 faizdən çoxu Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.

İl ərzində qeydiyyat və təkrar qeydiyyat müddətinin uzadılması nəzərə alınmaqla Rusiya Federasiyasında əcnəbilərin miqrasiya qeydiyyatı faktlarının sayı 11,8 milyon təşkil edib.

İyunun 19-dan 25-dək Rusiyada “Qeyri-qanuni-2023” reydi keçirilib, bundan sonra Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 7 minə yaxın miqrant ölkədən çıxarılıb, daha bir neçə min əcnəbiyə qarşı cinayət işi başlanıb.

Onlara, əsasən, Rusiya Federasiyası ərazisində qanunsuz qalma, qanunsuz narkotik alveri, silah və sərhədi qanunsuz keçmə kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, deyilənlərə görə, Rusiyada miqrant cinayətkarlarının müəyyən edilməsi kampaniyasının ikinci mərhələsi oktyabrın əvvəlinə planlaşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə