Ukrayna Sevastopoldakı hücumu əks-hücum üçün hazırlıq adlandırıb

Ukrayna Sevastopoldakı hücumu əks-hücum üçün hazırlıq adlandırıb

Rusiyanın ilhaq etdiyi Sevastopolda neft anbarına hücum Kiyevin əks-hücum əməliyyatına hazırlığının bir hissəsidir. SİA Ukraynanın “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın cənub müdafiə qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

Qumenyukun sözlərinə görə, neft bazasında baş verən yanğından sonra Rusiya hərbçilərində yüksək təşviş var, onlar ailələrini təxliyə etməyə, hətta ilhaq edilmiş Krımı özləri də tərk etməyə çalışırlar.

"Bu iş hamının gözlədiyi genişmiqyaslı tammiqyaslı hücuma hazırlıqdır", - müdafiə qüvvələrinin sözçüsü bildirib.

Xatırladaq ki, Sevastopolun Kazaçya buxtası mikrorayonunda neft anbarında yanğın şənbə günü, aprelin 29-da baş verib. Deyilənlərə görə, yanğın zamanı heç kim xəsarət almasa da, amma dörd tank yanıb.

Rusiyanın Sevastopol qubernatoru iki pilotsuz təyyarənin tanklara hücum etdiyini bildirib. Onlardan biri vurulub. Yanğından qısa müddət sonra Ukrayna tərəfi Rusiyanın Qara Dəniz Donanması üçün yanacaq olan on tankı məhv etdiyini açıqlayıb.

Amma buna baxmayaraq, Kiyev hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Vladimir Zelenski Sevastopoldakı hücum günü Qərb mətbuatı ilə söhbətində bir daha, əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin itirilmiş ərazilərin, eləcə də Krım üzərində nəzarəti bərpa etmək niyyətində olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə