Zelenski İçkeriya Respublikasının iki ordeni ilə təltif edilib

Zelenski İçkeriya Respublikasının iki ordeni ilə təltif edilib

Ukrayna Prezidenti Vladimir Zelenski Çeçenistan İçkeriya Respublikasının iki ali mükafatını - “Millətin Şərəf”i və Cövhər Dudayev adına ordenlərlə təltif edilib.

Prezidentin rəsmi saytında deyilir ki, onlar Zelenskiyə bütün dünyada azadlıq və demokratiya naminə görkəmli xidmət və fədakar fəaliyyətə, habelə çeçen xalqına xüsusi xidmətlərinə görə layiq görülüb.

Mükafatla bağlı qərarı ötən il noyabrın 27-də İçkeriya hökumətinin sədri Əhməd Zakayev imzalasa da, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov onları Zelenskiyə yalnız indi təhvil verib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl bu mükafatlara İçkeriya Prezidenti Aslan Masxadov, İçkeriya Prezidentinin səlahiyyətlərini icra edən Zelimxan Yandarbiyev və Litva siyasətçisi, Litva müstəqillik hərəkatının lideri Vitautas Landsbergis layiq görülmüşdülər.

Xatırladaq ki, ötən ilin noyabrında Vladimir Zelenski 25 mindən çox imza toplayan İçkeriyanın müstəqilliyinin tanınması ilə bağlı petisiyaya rəsmi cavab verib ki, bu da qanunla dövlət başçısı tərəfindən baxılmasını məcburi edir. Ukrayna Prezidenti ölkənin Xarici İşlər Nazirliyinə müraciətdə qaldırılan məsələyə öz səlahiyyətləri daxilində baxmağı və ona müvafiq təkliflər təqdim etməyi tapşırıb.

Ötən ilin oktyabrında Ukrayna Ali Radası Çeçenistanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanınması, həmçinin “çeçen xalqının soyqırımı”nı pisləyən qətnamə qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə