"Putinin həbsi Rusiyaya qarşı müharibə deməkdir" - DMİTRİ MEDVEDEV

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Medvedev Almaniyanın ədliyyə naziri Marko Buşmanın Rusiya prezidenti Vladimir Putinin BCM-nin qəbul etdiyi qərar çərçivəsində Almaniyaya gələcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı açıqlamasını dəyərləndirib: "Təsəvvür edək ki, belə bir şey oldu. Nüvə dövlətinin başçısı (Putin) Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etməkdir. Bu halda bizim bütün raketlərimiz Bundestaq (Almaniya Federal Məclisi) və kanslerin (Almaniya Baş naziri Olaf Şolz) ofisinə uçar”.

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran tərkibli sursat göndərmək planına toxunan Medvedev, "Ukraynaya hər gün xarici silahların çatdırılması nüvə qiyamətini daha da yaxınlaşdırır" deyib.

Digər tərəfdən, ötən cümə günü Beynəlxalq Cinayət Məhkəməsi uşaqları Ukraynadan qanunsuz deportasiya etməkdə ittiham etdiyi Putinin həbsi ilə bağlı əmr verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə