Azərbaycanda harada və kimlər ov edə bilər? - ARAŞDIRMA

Ət və geyim ehtiyaclarını təmin etmək üçün ilk insanların başladığı ovçuluq, sivilizasiyanın inkişafı ilə paralel olaraq dolanışıq vasitəsi olmaqdan çıxaraq idman və əyləncəyə çevrilmişdir. Ovçuluq, Qədim və Orta əsr hökmdarlarının hərbi təlim əvəzinə tətbiq etdikləri idman oyunudur. Təkbaşına və ya qrup halında ov etmək bu gün bütün sivil dünyada bir idman növü kimi qəbul edilsə də, heyvanların nəsli kəsildiyi, milli sərvətlər israf edildiyi üçün müəyyən məhdudiyyətlərə məruz qalır. Ovçuluq xüsusilə heyvanların çoxalma mövsümlərində qadağandır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gəlin dünya praktikasına nəzər yetirək. Məsələn, qardaş Türkiyədə ötən il balıq ehtiyatlarının özünü yeniləməsi və çoxalma fəaliyyətini həyata keçirməsi üçün 15 aprel - 31 avqust tarixləri arasında sənaye balıqçılarına balıq ovu qadağası qoyulmuşdu. Bu fəaliyyətlərin vaxtaşırı dayandırılması ilə dəniz ekosisteminin tarazlığı qorunur. Həddindən artıq balıqçılıq fəaliyyətləri zamanla kommersiya balıq növlərinin azalmasına səbəb olur və ekosistemdə bir növün azalması digər növlərin həddindən artıq çoxalmasına səbəb ola bilər. Ona görə də bu qadağalar vacibdir.

Bu gün bəzi Afrika, Avstraliya və Cənubi Amerika qəbilələri hələ də ovçuluqdan çörək qazanırlar. Ovçuluq bir idman növü kimi qəbul edilsə də, bir çox cəmiyyətlərdə, xüsusən də müsəlmanlar arasında müzakirə mövzusu olub.

Araşdırmalara görə, dünyada ov istehsalının həcminə görə Çin ən böyük paya malikdir (15,2%). Ondan sonra isə İndoneziya, Peru, Hindistan, Rusiya, ABŞ (ABŞ) və Vyetnam gəlir.

Ov etmək dinimizdə günahdır?

Dinimizdə yeməsi halal olan quru və dəniz heyvanlarının ovlanması mümkündür. Lakin ovda həddi aşmaq və yemək niyyəti olmadan kef üçün heyvan öldürmək günahdır. Peyğəmbərimiz “Kim bir sərçəni və ya ondan böyük heyvanı haqsız yerə öldürərsə, Allah Qiyamət günü ondan bu barədə soruşar” deyə buyurmuşdur.

Ümumiyyətlə, çoxalma dövründə heyvanları ovlamaq günahdır. Ov etmək olar, amma bunu ruzi üçün etmək lazımdır. Namık Kamal kef üçün günahsız heyvanları öldürənlər üçün "seyyad-ı biinsaf (amansız ovçu)" ifadəsini işlədir. Bunun bir hekayəsi var. Namık Kamal gəncliyində atdığını vuran ti ovçu olub. O, Sofiyada maralı nişan alır və bir neçə saniyə ərzində maral yıxılır. Heyvan qan içində ölərkən, onun arxasınca iki balası gəlir. Balalar hər şeydən xəbərsiz olaraq analarının sinəsini qucaqlamağa çalışırlar. Çarəsiz ana ayaqları ilə balalarını itələməyə çalışır, üzlərinə kədərli baxışla baxır. Nəhayət, yazıq heyvan cəlladına zillənərək baxdıqdan sonra başını aşağı salır. Bu hadisədən sonra Namık Kamal əlindəki tüfəngi ataraq bir daha ova getməyəcəyinə and içir.

Qurbana əziyyət etməyin

İslamda qurban dostlara, qohumlara, qonşulara kəsilmək, kasıblara, imkansızlara paylanmaq məqsədi ilə kəsilir. Qurban kəsərkən belə heyvanlara qarşı mərhəmətli olmaq lazımdır. Bu rəhmli olmağı sevən İslamın əmridir. Hz. Peyğəmbərimiz buyurmuşdur: “Heyvan kəsməli olduğunuz zaman bunu yaxşı şəkildə edin. Onlara işgəncə verməyin”. Bu baxımdan kəsim zamanı heyvanlar anesteziya edilməli, kəsim prosesi tez və işgəncəsiz aparılmalıdır.

Azərbaycanda hansı ovçuluq təsərrüfatları var?

Azərbaycanda ovçuluq təsərrüfatları ötən əsrin 60-cı illərindən fəaliyyət göstərməyə başlamışdır. Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemidir.

Son illərdə ovçuluq sahəsinə maraq daha da artmışdır. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan və quş növlərinin zəngin olması burada ovçuluğun geniş yayılmasına şərait yaradır. Hal-hazırda ölkədə 196 423 min hektardan artıq bir ərazini əhatə edən 10 ovçuluq təsərrüfatı fəaliyyət göstərir. Bunlardan biri Respublika əhəmiyyətli, 9-u yerli əhəmiyyətlidir.

Uludüz Ovçuluq Təsərrüfatı - Respublika əhəmiyyətli olub, Şamaxı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 5500 hektardır. Dağətəyi zonada yerləşdiyindən burada yayı quraq keçən mülayim-isti, yağıntıları bərabər paylanan mülayim-isti və soyuq iqlim tipi hakimdir. Ərazi dağlıq relyefə malik olduğuna görə bura heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Dağətəyi tirə-təpəli kolluğu əhatə etdiyinə görə ərazidə meşə qırıntısından sonra əmələ gəlmiş itburnu, yemişan, əzgil, palıdın kol forması, seyrək qaratikan və s. kimi kolluq bitkilər üstünlük təşkil edir. Heyvanat aləmindən əsasən cüyür, qaban, ayı, çöl pişiyi; quşlardan qırqovul, bildirçin, kəklik və s. üstünlük təşkil edir. Uludüz Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd Dağıstan turu, çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərin artırılması, bərpası və ovlanmasıdır.

Yaşma Ovçuluq Təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 4 000 hektardır. Ərazinin Xəzər dənizinə çıxışı olduğuna görə ovçuluq təsərrüfatında su bataqlıq sahələr geniş yayılmışdır və iqlimi mülayim, havası qurudur. Ərazi əsasən qamışlıqlarla, su bataqlıq sahələri ilə zəngin olduğundan burada su bataqlıq quşlarına (ördək, qaz, cüllüt və s.) və boz dovşan, tülkü, canavar kimi heyvanlara rast gəlmək mümkündür. Yaşma Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Mahmudçala Ovçuluq Təsərrüfatı - Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7136 hektardır. Ərazi əsasən isti və quru iqlim tipinə malikdir və buna görə də yay aylarında Təsərrüfatın su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olur. Nəticədə Təsərrüfat ərazisində yerləşən göldə su problemi yaranır. Təsərrüfatın müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır. Ona görə də florası quru çöl bitkilərindən şahsöyüdü, yulğun və s. kimi kolluqlardan ibarətdir. Ərazidə ən çox canavar, tülkü, boz dovşan, çaqqal, turaca, eləcə də çoxlu su bataqlıq quşlarına rast gəlinir. Eyni zamanda Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşlardan burada soltantoyuq, qaranaz və ərsindimdik nəsil verir. Mahmudçala Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır.

Zəvvar Ovçuluq Təsərrüfatı - Cəlilabad rayonunun inzibati ərazisində yerləşir, sahəsi 20 000 hektardır. Bu təsərrüfat fəaliyyətini Mahmudçala Ovçuluq Təsərrüfatının yaxın qonşusu kimi davam etdirir. Aran-düzənlik relyefinə malik olan ərazi okean səviyyəsindən aşağıda yerləşdiyindən buradan müvəqqəti axarlı çaylar keçir və mülayim-isti iqlimə malikdir. Heyvanat aləmi dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və s.-dən ibarətdir. Zəvvar Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd su bataqlıq quşlarıının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Qırmızıkənd Ovçuluq Təsərrüfatı – Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 10 000 hektardır. Cənubdan Qızılağac Dövlət Təbiət Qoruğu, şimaldan isə Zəvvar Ovçuluq Təsərrüfatı ilə həmsərhəddir. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl tiplidir. Burada su bataqlıq quşları ilə yanaşı qaz, ördək, bəzgək, su ilanı, tısbağa, çaqqal, canavar, dovşan, porsuq, çöl donuzu, tülkü və s. heyvanlara rast gəlinir. Təsərrüfatın əsas su balansı Mahmudçala və Zəvvar Ovçuluq Təsərrüfatlarının ərazisindən keçən Balharı çayı və su kollektorları ilə təmin olunur. Qırmızıkənd Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd su bataqlıq quşlarının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Ağzıbir Ovçuluq Təsərrüfatı - Şabran rayonunun inzibati ərazisində yerləşir, sahəsi 21000 hektardır. Ərazi dəniz sahillərindən başlanan düzənlik ərazidə yerləşdiyindən isti yarımsəhra və quru çöl iqliminə malikdir. Respublikanın ən böyük şirin sulu Ağzıbirçala (liman) gölü bu ərazidə yerləşir. Heyvanat aləmini əsasən canavar, tülkü, çaqqal, porsuq, qunduz və s; quşlardan isə qaz, yaşılbaş ördək, qaşqaldaq və s. su-bataqlıq quşları təşkil edir. Eyni zamanda təsərrüfat ərazisində suda və suda-quruda yaşayanların müxtəlif növləri yayılmışdır. Ağzıbir Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Son zamanlar Şabran rayonu ərazisində drenaj kollektorlarının qazılması Ağzıbir Ovçuluq Təsərrüfatının su-bataqlıq sahələrində su balansının pozulmasına səbəb olmuşdur.

Giləzi Ovçuluq Təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 25 hektardır. Ərazisinin Xəzər dənizinə çıxışı olduğuna görə ovçuluq təsərrüfatında su bataqlıq sahələr geniş yayılmışdır və iqlimi mülayim, havası qurudur. Ərazi göllərdən ( üç böyük göl) ibarət olduğundan burada su bataqlıq quşlarına və müxtəlif balıq növlərinə rast gəlmək mümkündür. Təsərrüfatın müxtəlif yerlərində seyrək halda cır nar, qaratikan, yemişan, iydə, vələs, palıdın kol forması və s. kolluqlar üstünlük təşkil edir. Giləzi Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Varvara Ovçuluq Təsərrüfatı - Yevlax rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7762 hektardır. Ərazi Kür çayının sahilində yerləşdiyindən əsasən, düzənlik sahədən ibarətdir. Ərazinin iqlimi mülayim-isti və quru - çöl iqliminə aiddir. Burada əsasən müxtəlif balıq növləri və su bataqlıq quşları üstünlük təşkil edir. Ona görə də qaranaz, qarıldaq, vağ, qarabatdaq və s. quş növlərinin qarışıq koloniyası qorunub saxlanılır. Varvara Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd su bataqlıq quşlarının, xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Babadağ Ovçuluq Təsərrüfatı - Quba rayonunun inzibati ərazisində yerləşir, sahəsi 61000 hektardır. Ovçuluq Təsərrüfatı yüksək dağlıq ərazidə yerləşdiyindən buranın iqlimi soyuq və rütubətlidir. Ərazinin dağ yamacı seyrək kol olan çəmənlik və qayalıqlardan ibarətdir. Heyvanat aləmini əsasən xınalı kəklik, yabanı göyərçin, Dağıstan turu, cüyür, köpgər, çöl donuzu və digər vəhşi heyvanlar təşkil edir. Dağ turizmi üçün maraqlı ərazi olan Babadağ Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərinin artırılması, bərpası və ovlanmasıdır.

Şəki Ovçuluq Təsərrüfatı - Şəki və Oğuz rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 60000 hektardır. Dağlıq ərazi olduğundan arktik və mülayim hava iqlimi üstünlük təşkil edir. Ərazinin çox hissəsinin meşəlik olması heyvanlar aləminin zənginliyinə şərait yaratmışdır. Qamışlıq və kolluq ilə növbələşən bəzi açıq yerlər biçənək və taxıl əkini üçün istifadə edilməkdədir. Şəki və Oğuzun təbiəti çox rəngarəng olduğundan təsərrüfat ərazisində qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqları geniş yayılmışdır. Şəki Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd çöl donuzu, dağ kəli, qırqovul, köpkər və s. ov obyektilərinin artırılması, bərpası və ovlanmasıdır.

“Çöl adamı” kimi tanıdığımız, Dünya Üzgüçülük Konfederasiyasının üzvü, “Qızıl pəri” mükafatı laureatı, Azərbaycanın fəxri ovçusu, teleaparıcı Kamal Dəniz: “Azərbaycan Respublikasında bütün ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tənzimlənir.

Bir-iki gün öncə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Azərbaycanda balıq ovu qadağan edildi. Bu tamamilə yanlış bir məlumatdır. Çünki Azərbaycanda balıq ovu qadağan edilməyib. Ölkəmizdə balıq ovuna ancaq sənaye üsulu ilə ovlanan balıqlarda qadağa qoyulub. May ayının 1-dən başlayaraq sentyabr ayının 1-nə qədər bütün Azərbaycanın su hövzələrində sənaye üsulu ilə bağlı ovuna qadağa qoyulub. Lakin bu həvəskar balıqçılara şamil edilmir. Həvəskar balıqçılar ancaq qırmaqla balıq ovlaya bilərlər ki, bunun da qaydaları var. Bu da Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən müəyyənləşdirilib.

Həvəskar balıqçılar ancaq qırmaqla balıq ovlayırlar. Bu balıqlara da “kilkə”, “kefal”, “siyənək”, “çapak”, “külmə”, “çəki”, “xəşəm”, “kütüm”, “daban”, “naxa”, “sıf” və xərçəngkimilər aiddir. Bunların da norması var. Bir balıqçı 3 tilovda hər tilovda 2 qırmaq olmaqla balıq ovlaya bilər. Xərçəng və krivetkanı yarım kiloya qədər ovlaya bilərlər. Burada tordan söhbət gedə bilməz. Amma elə balıq növləri var ki, onları ovlamaq qadağan olunub. Bunlara “dəniz sıfırı”, “qaya balığı”, “qızılxallı”, “qılınc”, “Şirvan külməsi”, “Xəzər şitbiti”, “nərə”, “bölgə”, “uzunburun” aiddir.

Onu da qeyd edim ki, tilov və ya qırmaqla balıq ovlayan həvəskar balıqçılara 5 kilodan artıq balıq tutmağa icazə verilmir.

Balıq tutulan yerə balıq vətəqəsi deyirlər. Azərbaycanda 151 balıq vətəqəsi var. Bu vətəqələr sentyabr ayının 1-nə qədər balıq ovlamırlar. Çünki onların balıq ovu ancaq torlar vasitəsilə həyata keçirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə