İsveçdə antibiotiklərin istehsalı müəssisəsi fəaliyyət göstərəcək

İsveç xüsusilə böhran və fövqəladə vəziyyətlərdə zəruri dərmanlara etibarlı çıxışı təmin etmək üçün antibiotik istehsalı zavodu əldə etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə sosial məsələlər naziri Yakob Forssmed mətbuat konfransında məlumat verib.

O qeyd edib: “Zavodun alınması o deməkdir ki, biz İsveçin antibiotiklərə olan bütün tələbatını ödəyə biləcək yerli istehsal gücünü təmin edəcəyik, həm də təkcə sülh dövründə deyil, yüksək hazırlıq şəraitində və müharibə zamanı”.

Nazir, həmçinin vurğulayıb ki, hazırda antibiotik çatışmazlığı olduqca yayğındır, bu sərmayə İsveç səhiyyə sisteminin davamlılığı və milli hazırlıq səviyyəsinin artırılması üçün açardır.

Dövlətə məxsus “Apotek Produktion & Laboratorier” (APL) İsveçin Strenqnes şəhərində yerləşən zavodun “Meribel Pharma Solutions” şirkətindən alınmasına dair müqavilə imzalayıb. Cümə axşamı İsveç hökuməti büdcə dəyişikliklərini təsdiqləyib və ona əsasən, APL müəssisənin alınması üçün 700 milyon kron (təxminən 70 milyon dollar) kapital qoyuluşu alacaq. Məsələ ilə bağlı yekun qərarın iyunun 17-də Riksdaqda veriləcəyi gözlənilir.

Zavodun APL-ə verilməsi bu ilin üçüncü rübündə planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə