Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri açıqlanıb

Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanıb. SİA agentliyə istinadən xəbər verir ki, qrant müsabiqəsi Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi məqsədilə elan edilib.

Məlumata görə, 2025-ci il üzrə elan olunan müsabiqə çərçivəsində layihələr əsasən “turistik kənd”lərdə (Duruca, İvanovka, Bibiyani, Sım və Qrız kəndləri) turizm infrastrukturunun inkişafı, ətraf mühitin mühafizəsi, qadınların və gənclərin dəstəklənməsi, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətlərini əhatə edir.

Layihələr Dövlət Turizm Agentliyinin Qrant Qaydalarına əlavə olunmuş 5 nömrəli metodologiyaya əsaslanaraq layihə təkliflərinin hazırlanma keyfiyyəti, icra potensialı, sosial-iqtisadi təsirləri, layihənin aydın təsviri və büdcənin məqsədlərə uyğunluğu kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilib.

Qiymətləndirmə prosesi nəticəsində minimal keçid balını (48 bal) toplayaraq daha yüksək göstəricilər nümayiş etdirən 9 layihə - “Turistik kənd”də turizmin inkişafına və turizmyönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” (“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi), “Duruca kəndində turizmin inkişafına dəstək (“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi), “Gənclərə iş, Turistlərə nəvaziş!” (“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi), “Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi), “4 mövsüm Qrız” - “Qrız kəndində turizmyönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” (“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi), Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi (Ramiz Kəlbiyev Kəlbi oğlu), Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili (Rəşad Əhmədov İsmayıl oğlu), “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili (Pərviz Salayev Talıb oğlu), “İvanovkada velosipedlər və gəzinti marşrutları” (Abuzər Ağazadə Çingiz oğlu) qalıb olub.

Qeyd edək ki, ümumilikdə təqdim edilmiş 156 layihədən 69-u müsabiqənin elan olunmuş istiqamətlərinə uyğun gəlmədiyinə və ya sənədlərdə mövcud olan çatışmazlıqlara görə ilkin qiymətləndirmə mərhələsinə keçiməyib. Digər 87 layihə isə ekspertiza mərhələsindən keçərək Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə