“Facebook” sosial şəbəkəsi “WhatsApp” mobil ismarıc proqramını satın alıb

“Facebook” sosial şəbəkəsi “WhatsApp” mobil ismarıc proqramını satın alıb

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" "WhatsApp" mobil ismarıc proqramını 19 milyard dollara satın alıb.
"WhatsApp" mobil ismarıc proqramının alınması "Facebook" sosial şəbəkəsinin tarixində ən böyük saziş olub. Razılaşmanın şərtlərinə görə, "WhatsApp" Mauntin-Vyudadakı (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək.
Bütün məşhur platformalar üçün mobil messencer yaratmış "WhatsApp" 55 işçidən ibarətdir. Şirkətin auditoriyası hazırda təqribən 450 milyon istifadəçi təşkil edir. Proqramın göstəricisi faktiki olaraq "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından çoxdur.
"Facebook" sosial şəbəkəsinin "WhatsApp"ı satın almasına səbəb hazırda şəbəkənin yeni istifadəçilərə və bazara kəskin ehtiyacının olmasıdır. "WhatsApp"ın yeni auditoriyanı sürətlə cəlb etməsi, sosial şəbəkə və messencerlər arasında rekordçu olması isə növbəti səbəb kimi göstərilir.
"WhatsApp" mobil ismarıc sistemi 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda ismarıc sistemi ilə gündə təxminən 50 milyard mesaj ötürülür. Şirkətin ştatında 32 mühəndis işləyir və proqramın yeganə gəlir mənbəyi illik 99 sentlik ödənişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə