Mobil telefonlar səhhətə təsir etmir

Mobil telefonlar səhhətə təsir etmir

"The Telegraph" qəzetinin yazdığına görə, MTHR proqramı üzrə on bir illik tədqiqatlardan sonra Britaniya alimləri belə qənaətə gəliblər ki, mobil telefonlar öz sahiblərinin səhhətinə təsir göstərmir.

Dərc olunmuş hesabata görə, mobil telefondan istifadənin onkoloji xəstəliklərin inkişafı riskini artırdığını güman etməyə heç bir əsas yoxdur. Baza stansiyalarında şüalanma da xərçəngin inkişafı riskini artırmır.

MTHR-in rəhbəri, professor Devid Koqqon bildirib ki, 11 il bundan əvvəl araşdırma hələ başlanarkən mobil telefonların insan orqanizminə mümkün təsiri barədə alimlərin təsəvvürləri müxtəlif, çox vaxt bilavasitə ziddiyyətli idi.

Koqqon deyir ki, indi isə tam müstəqil şəkildə aparılmış tədqiqat çoxillik mübahisələrə bir növ nöqtə qoyub.

Digər tərəfdən, Koqqon inkar etmir ki, telefon şüasının sağlamlığa təsiri barədə müəyyən məsələlər açıq qalıb, amma narahatlıq üçün əsas xeyli azalıb.

Jurnalistlər qeyd edirlər ki, bütün tədqiqatlar proqramının dəyəri təqribən 14 milyon funt təşkil edib. Alimlər 100 min mobil telefon istifadəçisini əhatə edəcək daha geniş miqyaslı və uzunmüddətli tədqiqat aparmağı planlaşdırırlar.

Xatırladırıq ki, təqribən bir il bundan əvvəl Skandinaviyadan olan bir qrup alim eyni qənaətə gəlmişdi. Onların apardıqları tədqiqat mobil telefonların istifadəsi ilə onkoloji xəstəliklərin inkişafı riski arasında asılılıq aşkar etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə