Hindistanın "Notion Ink" şirkəti 10,1 düymlü "Adam II" planşet kompüterini satışa çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qurğunun sol tərəfində yardımçı displeyin yerləşməsi onu digərlərindən fərqləndirir. Təsvir ölçüsü 100x5 piksel təşkil edən displey passiv matrisalı (STN) monohrom maye-kristal ekranlar sinfinə aiddir. "STN" ekranları "TFT" ekranlarla müqayisədə enerjidən az istifadə edir. Yardımçı ekranda kitabların üzərində olduğu kimi, əlavələrdən bildirişlər əks olunur. Bunun sayəsində istifadəçi əsas ekranı işə salmadan yeni məktub haqqında məlumat əldə edə bilir.
"Adam II" modeli "Mali 400" qrafikalı ikinüvəli prosessor, 1 giqabit operativ və 8 giqabit daxili yaddaş, 3,15 meqapikselli iki kamera ilə təchiz edilib. Əsas – rəngli displeyin təsvir ölçüsü 800x1280 piksel təşkil edir. Hindistanda qiyməti 16,5-19 min rupi (270-310 dollar) olacaq qurğu həmçinin "mini-HDMI" portuna və yaddaş kartı üçün çıxışa malikdir. Planşet "Android 4.2.2" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Qeyd edək ki, "Adam" planşetlərinin ilk nəsli 2010-cu ildə satışa çıxarılıb. Qurğular "Pixel Qi" şirkətinin istehsalı olan 1024x600 pikselli 10,1 düymlü ekranla təchiz edilib. "Pixel Qi" ekranlarının fərqləndirici cəhəti iki rejimdə - işıqlandırma və işıqlandırmasız işləyə bilməsindədir. İşıqlandırmasız rejim daha qənaətcildir və planşetdən oxu qurğusu kimi istifadə edilən zaman rahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB