İctimaiyyətlə əlaqələr -PR nədir?

İctimaiyyətlə əlaqələr, yəni PR, çox vaxt insanlar tərəfindən mürəkkəb və anlaşılmaz görünə bilər. Amma əslində PR sadə dildə desək, bir təşkilatın, şirkətin, tibb müəssisəsinin və ya fərdi şəxsin ictimaiyyətlə düzgün ünsiyyət qurmağıdır. Məqsəd insanlara düzgün məlumat vermək, etibar yaratmaq və doğru imic formalaşdırmaqdır.

PR yalnız reklamdan və ya xəbərlərdən ibarət deyil. Əsl PR insanların düşüncələrinə, münasibətlərinə və qərarlarına təsir etməyə xidmət edən bir sənətdir. PR həm informasiya yaymaq, həm də insanların mövqeyini anlamaq və onlara uyğun kommunikasiya qurmaq deməkdir.

PR mütəxəssisi nə edir?

• İctimaiyyətlə əlaqə saxlayır: Tibb müəssisəsi və ya təşkilat haqqında xəbərləri paylaşır, düzgün məlumat verir.

• Etibar yaradır: İnsanlar bir quruma güvənəndə, onun xidmətlərini və məhsullarını seçməkdə daha rahat olurlar.

• Reputasiyanı qoruyur: Hər hansı yanlış anlaşılmalar, dezinformasiyalar və ya “Qara PR” halları qarşısında müdafiə strategiyaları qurur.

• Məlumatı düzgün çatdırır: Sosial media, mətbuat, seminarlar və tədbirlər vasitəsilə insanlara mesajı aydın və anlaşılır şəkildə çatdırır.

Sadə bir misal: əgər bir tibb müəssisəsi yeni uşaq şöbəsini açırsa, PR mütəxəssisi bunu yalnız elan etməz. O, valideynlərə tibb müəssisəsinin, şöbələrin üstünlüklərini, təhlükəsizlik tədbirlərini, xidmət keyfiyyətini izah edər, valideynlərin suallarına cavab verər və beləliklə insanların tibb müəssisəsi haqqında ətraflı məlumat alaraq ona etibar edər.

Yəni PR, yalnız reklam və ya sosial media paylaşımı deyil. PR, doğru mesajı doğru insanlara çatdırmaq və etibar, hörmət və anlayış yaratmaq sənətidir. PR həyatımızın hər sahəsində, düzgün və etik PR üsulları ilə insanların məlumatlanmasına və düşüncə formalaşmasına xidmət edə bilər.

PR-ın gücü ondadır ki, doğru və şəffaf kommunikasiya tibb müəssisəsi və nsanlar üçün faydalı olur.

Müasir dövrdə PR xüsusilə səhiyyə sahəsində ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır. Məsələn, mövsümi qrip, peyvənd kampaniyaları və ya ürək-damar xəstəlikləri ilə bağlı maarifləndirici məlumatlar vaxtında və düzgün formada təqdim olunduqda insanlar riskləri daha yaxşı anlayır və profilaktik tədbirlərə daha məsuliyyətlə yanaşırlar. PR yalnız imic formalaşdırmır, həm də cəmiyyətin sağlamlıq mədəniyyətini yüksəldir. Həkimlərin iştirakı ilə təşkil olunan canlı yayımlar, ekspert müsahibələri, real sual-cavab sessiyaları insanların səhv məlumatlardan uzaqlaşmasına və etibarlı mənbəyə yönəlməsinə kömək edir. Bu isə nəticə etibarilə fərdi və ictimai səviyyədə daha sağlam və məlumatlı qərarların verilməsinə şərait yaradır.

Dilara Zamanova, PR mütəxəssisi, Mərkəzi Gömrük Hospitalı

Bütün xəbərlər Facebook səhifəmizdə