Ötən 3 ay ərzində əsas diqqət idmanın kütləviliyinə yönəlmişdir - İDARƏ RƏİSİ AÇIQLADI

Ötən 3 ay ərzində əsas diqqət idmanın kütləviliyinə yönəlmişdir - İDARƏ RƏİSİ AÇIQLADI

"2022-ci ilin 3 ayı ərzində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər və idman sahəsi üzrə 49 yarış, tədbir və seminarlar keçirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.

Onun sözlərinə görə, hədəfimiz gənc nəslimizi idmana maraqların artırılması, onların sağlam ruhda tərbiyə olunması, məhəllə idman növlərinin daha da kütləviləşdirilməsi, mövcud idman bazasının tam gücü ilə çalışmasının təmin edilməsi, uğur qazanmış idmançılarımızın təbliği, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, onların maraqları çərçivəsində yarış və bilik olimpiadalarının keçirilməsi, istedadlı gənclərimizin üzə çıxarılması, xüsusi qayğıya ehtiyacı olan gənclərlə dövlət dəstəyinin göstərilməsi, ordu sıralarında xidmət edən gənclərlə işin qurulması, şəhid övladlarının layihələrimizə cəlb edilməsi, milli adət-ənənələri gənclər arasında təbliği, tələbə-gənclər ilə işin qurulmasıdır: "Uğurlarımız: cari ilin əvvələrində idman sahəsi üzrə Bakı, Respublika və Beynəlxalq səviyyəli yarışlarda 100-ə yaxın medalların qazanılması, 20-dən çox rayon yarışının keçirilməsi, 200 nəfərdən çox uşaq və yeniyetmələrin idman növlərinə cəlb edilməsi, 5 nəfər gəncimizin ölkəmizi beynəlxalq festivallarda təmsil etmək hüququnun qazanılması, 2 nəfər gəncimizin işlə təmin olunması, 25 nəfər gəncimizin dövlət qurumlarında təcrübəyə yönləndirilməsi və s.

Həmçinin qeyd etmək istəyirəm ki, İdarəmiz tərəfindən 2022-ci ilin 3 ayı ərzində 370 nəfər uşaq, yeniyetmə və gənc diplom, fəxri fərman və sertifikatlar ilə təltif olunmuşdur. Eyni zamanda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə rayonumzda fərqlənən fiziki tərbiyə müəllimləri mükafatlandırılmışdır. Gənclərimiz könüllülük fəaliyyətinə cəlb edilmiş, İdarəmizin ətrafında 100 nəfərdən çox könüllü gənc formalaşmışdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə