AİJF idarə heyətinin tam tərkibdə birinci iclası keçirilib

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin tam tərkibdə birinci iclası keçirilib.

SİA-nın məlumatına görə, iclasda 2020-ci il üçün fəaliyyət planının müzakirəsi, tədbirlər planının hazırlanması və təsdiqi, üzvlüyə qəbul meyarlarının müəyyənləşdirilməsi, vitse-prezidentlərin və komissiya sədrlərinin seçkisi, baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Müzakirələr nəticəsində müvafiq qərarlar qəbul olunub. Firuz Abdulla və Mahir Rüstəmli vitse-prezident vəzifəsinə seçiliblər. Həmçinin Vüqar Zeynalova federasiyalar və başqa idman qurumları ilə əlaqələr, Firuz Abdullaya etika, Elşən Məmmədova tədbirlərin təşkili və keçirilməsi, Ellada Mustafayevaya isə beynəlxalq əlaqələr və təhsil komissiyalarının sədri vəzifələri həvalə olunub. Komissiyaların hər birində daha iki üzvün yer alması planlaşdırılır.

Baş katib vəzifəsinə namizədlərin müzakirəsi növbəti iclasa təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə