Yığmamız Həzi Aslanovun xatirə turnirində birinci olub - FOTOLAR

Yığmamız Həzi Aslanovun xatirə turnirində birinci olub - FOTOLAR

Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXIX beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, yarışdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb.

Turnirin təntənəli açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov, Azərbaycan Veteranlar İttifaqının sədr müavini polkovnik Cəlil Xəlilov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı iştirak ediblər.

Öncə general-mayor Həzi Aslanovun şərəfli ömür yolundan bəhs edən sənədli film göstərilib. Sonra yarış iştirakçılarının və hakimlərin idman paradı olub.

Çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar. Natiqlər 39-cu dəfədir Bakıda keçirilən bu beynəlxalq yarışda bu il 7 ölkənin yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd ediblər. Onlar turnirin yüksək səviyyədə təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına minnətdarlıqlarını bildiriblər.

Beynəlxalq turnir açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparıblar.

Ümumi komanda hesabında Azərbaycan yığması birinci, Özbəkistan ikinci, Ukrayna üçüncü yerləri tutublar.

Qaliblərə medal, diplom və xatirə hədiyyələri, həmçinin general-mayor Həzi Aslanovun xatirə medalı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə