Nümayəndə heyətimiz Cənubi Koreyaya yola düşəcək

Nümayəndə heyətimiz Cənubi Koreyaya yola düşəcək

Fevralın 7-25-də Cənubi Koreyanın Pxençanq şəhərində növbəti 2018 Qış Olimpiya Oyunları keçiriləcək. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti fevralın 8-də XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə MOK-un baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər daxildir.

Ölkəmiz 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycan slalom və böyük slalom yarışlarına qatılacaq. Bu növdə ölkəmizi Patrik Braxner təmsil edəcək.

Pxençanq-2018 Olimpya Oyunlarında 92 ölkədən 2952 idmançının iştirak etməsi gözlənilir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Amerika Birləşmiş Ştatları oyunlara 242 atletlə qatılacaq. Kanada nümayəndə heyəti 226, Norveç isə 111 idmançı ilə təmsil olunacaq.

Rusiyanın 169 idmançısı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcək. Təşkilatçı ölkə olan Cənubi Koreya Respublikası öz tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında 15 idman növündə 144 idmançı ilə çıxış edəcək. Koreya Xalq Demokratik Respublikası isə 5 idman növü üzrə 22 idmançı ilə mübarizə aparacaq.

Pxençanq-2018 Olimpiya Oyunlarında 6 ölkə - Ekvador, Eritreya, Kosova, Malaziya, Nigeriya, Sinqapur ilk dəfə iştirakçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə