Elnur Amanov: “Bütün taekvandoçularımızın medal qazanmaq şansı var” AÇIQLAMA

Elnur Amanov: “Bütün taekvandoçularımızın medal qazanmaq şansı var” AÇIQLAMA

Xəbər verdiyimiz kimi, böyüklərdən və gənclərdən ibarət taekvando üzrə Azərbaycanın yığma komandaları "Dutch Open" beynəlxalq turnirində iştirak etmək üçün Niderlanda səfər ediblər. Dünya Taekvando Federasiyası və Niderland Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə Eyndhoven şəhərində təşkil olunan yarışa bu gün start veriləcək.

Hazırda Niderlandda olan qadınlardan ibarət milli komandamızın baş məşqçisi Elnur Amanov SİA-ya yarış haqqında açıqlama verib: "Turnirə qatılmağımızın əsas məqsədi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək yığma komandalarımızın tərkibinin müəyyənləşdirilməsidir. Yarışda böyüklərdən ibarət yığmamızın heyətində 12 kişi, 6 qadın idmançımız mübarizə aparacaq. Turnirin ilk günündə (bu gün) 7 taekvandoçumuz dayanq üzərinə çıxacaq. Onlardan 5-i kişi, 2-si qadın idmançılardır. Bütün çəkilərdə yüksək rəqabət olacaq. Elə çəki var ki, 70 idmançı döyüşəcək. Yarışa Avropa və Amerikadan çoxlu idmançılar gəlib. Bütün taekvandoçularımız yaxşı hazırlaşıblar, hamısının medal qazanmaq şansı var".

Baş məşqçi qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarından öncə milli komandalarımız Yunanınıstanda keçiriləcək daha bir turnirə qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan milli komandalarımız martın 14-də Vətənə qayıdacaqlar.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə