Muay Tay üzrə Azərbaycan çempionatı keçirilib FOTOLAR

Muay Tay üzrə Azərbaycan çempionatı keçirilib FOTOLAR

Muay Tay üzrə 9-cu Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb.

Yarışdan öncə turnirin təntənəli açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra federasiya prezidenti Azər Həsənsoy çıxış edib. O, yarış haqqında məlumat verərək, idmançılara uğurlar arzulayıb.

Daha sonra turnirin təşkilatçısı, "Best of the Best" promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb: "Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi, bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Yəni, yoxlanış üçün bizim idmançılar da "Tokio-2020"də mübarizə aparacaq. Üstəlik muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarının proqramına da daxil edilməsi gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə bu idman növünün ən yaxşılarının K-1-də də çıxış edəcəyi istisna deyil".

Federasiyasının yeni təyin olunan vitse-prezidenti Tural Bayramov isə yarışın nəticələrinə əsasən milli komandanın formalaşdırılacağını bildirib: "Qaliblər millinin təlim-məşq toplanışına cəlb olunacaq. Mayda komandamızı Minskdə dünya çempionatı gözləyir. Belarusa ən güclü heyətlə yollanmağı düşünürük. Qarşıda bir sıra planlar var. Muay tayı yeni səviyyəyə yüksəltmək üçün daha çox çalışmaq lazım olacaq".

Qeyd edək ki, 2 gün davam edən Azərbaycan çempionatının qalibləri yığma komandaya dəvət olunublar. Onlar qarşıdakı beynəlxalq yarışlarda milli komandanın heyətində ölkəmizi təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə