Zülfiyyə Hüseynova: “Finalda rəqibin çəkisi çox ağır idi” AÇIQLAMA

Zülfiyyə Hüseynova: “Finalda rəqibin çəkisi çox ağır idi” AÇIQLAMA

"Veteran cüdoçular arasında keçirilən dünya çempionatının final görüşündə uduzmağımın səbəbi rəqib idmançının çəkisinin çox ağır olması idi". Bunu SİA-ya açıqlamasında cüdo və sambo üzrə doqquz qat dünya (beş dəfə sambo, dörd dəfə cüdo) və ikiqat Avropa çempionu, Azərbaycanın tanınmış veteran cüdoçusu Zülfiyyə Hüseynova deyib.

O qeyd edib ki, Amerika idmançısının çəkisi müvafiq çəki kateqoriyasından (70 kq) çox ağır olub: "Mənim 67 kq çəkim var, ancaq 70 kq çəki dərəcəsində güləşirdim. Finalda qarşılaşdığım ABŞ cüdoçusu Marqarita Kabreranın çəkisi isə çox ağır idi. O, hər zaman 78 kq-da güləşirdi. Kənardan baxanda da bunu hiss eləmək olurdu. Çəki prosesi səhər saat 10:00-dan axşam saat 18:00-dək aparılırdı. Birinci dəfə idi ki, belə bir şey baş verirdi. Ona görə də kim istəyirdi "maxinasiya"lar edirdi. Düzdür görüşdə əvvəlcə ona xəbərdarlıq verildi. Ancaq sonra fənd etmək üçün nə qədər dartdımsa onu apara bilmədim. Ona görə də uduzdum".

İdmançı yarışda görüşlərinin asan keçmədiyini bildirib: "Dünya çempionatında bütün idmançılar hazırlıqlı olur. Yarışda asan görüşüm olmadı. Hər rəqibin öz üslubu var. Ancaq finala qədər hamısını məğlub etdim. İkinci yer də çox gözəl nəticədir".

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Z.Hüseynova yalnız finalda uduzaraq gümüş medal qazanıb. 1/4 finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaliya idmançısı Monika Stragiolottonu məğlub edib. Zülfiyyə həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə