Azərbaycan Premyer Liqasının XXXI turuna yekun vuruldu

Azərbaycan Premyer Liqasının XXXI turuna yekun vuruldu

Azərbaycan Premyer Liqasının XXXI turuna yekun vuruldu. Siasport.az saytı xəbər verir ki, turun ilk günü ikinci "altılıq" çərçivəsində üç oyun keçirildiyindən ikinci gün ilk "altılıq" komandaları meydana çıxdı.
Günün ilk oyununda çempionluğunu təmin etmiş "Neftçi" "Qarabağ"ın qonağı oldu. "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu oyunda da əsasən gənc futbolçulara şans vermişdi. "Qarabağ" isə ikinci yer uğrunda mübarizə apardığından meydana qələbə üçün çıxmışdı. Ağdam klubu həm də bir illik fasilədən sonra ilk dəfə doğma azarkeşləri önündə oynadığı oyunda fanatlarına qələbə sevinci bəxş etmək istəyirdi ki, sonda istəyinə çatdı. Hesabı matçın 5-ci dəqiqəsində Georgi Adamiya açdı. 13-cü dəqiqədə gürcü futbolçu dubl etdi. 49-cu dəqiqədə penaltidən het-trikini rəsmiləşdirən Adamiya uzun fasilədən sonra "Neftçi"nin belə hesabla yenilməsinə səbəb oldu.

Günün ikinci oyununda "Xəzər Lənkəran" "Bakı"nı qəbul etdi. "Xəzər Lənkəran" doğma azarkeşləri önündə oynadığı mövsümün son oyununda həm fanatlarına qələbə sevinci bəxş etmək, həm də ikinci pilləyə qayıtmaq istəyirdi. Bütün iddialarını itirən "Bakı" isə meydana yalnız imicini qorumaq və kubokun qisasını almağa çıxmışdı.
Oyunun ilk yarısında hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, hesab açılmadı. İkinci yarıda isə "Xəzər Lənkəran" iki qol vurub, qələbəni bayram etdi. "Qarabağ" - "Neftçi" oyununda Georgi Adamiya oyunun qəhrəmanına çevirilmişdisə, Lənkərandakı matçda Emeka Opara qəhrəman oldu. Nigeriyalı futbolçu 67-ci dəqiqədə hesabın açılmasına səbəb oldu. Belə ki, onun künc zərbəsindən qapı qarşısına yolladığı topu Manuel Skarlatake başla tora qovuşdurub, hesabı açdı. 83-cü dəqiqədə isə cərimə meydançasının önündəki yarımkürədə topu qəbul edən Emeka sol ayağı ilə aşağı küncə dəqiq zərbə endirdi. Üç xalı aktivinə yazan "Xəzər Lənkəran" qısa fasilədən sonra ikinci pilləyə qayıtdı.

Günün son oyunu - "İnter" və AZAL arasında keçirildi. Kubokda rəqibini mübarizədən kənarlaşdıran "İnter" Premyer Liqada da onları arxada qoyub, dördüncü pilləyə qalxmaq istəyirdi. Azərbaycan Kubokunda mübarizəni dayandıran AZAL üçün Avropa Liqasına vəsiqə qazanmaq üçün son şans olan 4-cü pillə uğrunda mübarizədə qalib müəyyənləşməşdi. 90 dəqiqə qapılara qol vurulmadığından komandalar hərəyə bir xal qazandı. Beləliklə, 4-cü pillənin taleyi son tura qaldı. Sonuncu turda AZAL "Qarabağ"ı qəbul edəcək, "İnter" isə "Bakı"nın qonağı olacaq.

Turun ilk günü keçirilən üç oyunda isə "Muğan" MOİK-i 1:0, "Turan" "Simurq"u 2:1 hesabı ilə yenmişdi, "Gəncə" - "Qəbələ" matçında isə hesab açılmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə