Uinston Parks: "Əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq"

Uinston Parks: "Əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq"
Dünən "Xəzər Lənkəran" "Bakı"ya qarşı keçiriləcək kubok yarımfinalının cavab qarşılaşması öncəsi son məşqinə çıxıb. Siasport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda bir saat ərzində keçirilən məşqdə komanda demək olar ki, tam heyətlə iştirak etdi.
"İnter"ə qarşı oyunda zədələnmiş Elvin Beqiri məşqdə iştirak etmədi. Bundan əlavə Manuel Skarlatakenin yüngül zədəsi olduğundan rumıniyalı müdafiəçi komandadan ayrı məşğul olurdu. Onun bu gün keçiriləcək qarşılaşma üçün hazır olacağı gözlənilir. Sarı vərəqə limitini keçdiyindən "Bakı"ya qarşı oyunu buraxmalı olan Elnur Abdullayev də məşqdə iştirak edirdi. İlk oyunu eyni səbəbdən buraxmış və cavab qarşılaşmasında böyük ehtimalla meydana çıxacaq Pit də hazırlaşanlar arasında idi.
Fiziki hazırlıqlarını bütün komanda ilə yerinə yetirən oyunçular, taktiki məşqləri müxtəlif qruplara bölünüb həyata keçirirdilər. Bütün bunlardan əlavə oyunçular məşqin bir hissəsini penalti zərbələrini sınamaqla keçirdilər. Kamran Ağayev və Yevgeni Kopıl ardıcıl olaraq komanda yoldaşlarının vurduğu zərbələri dəf etməli idilər. Daha sonra müdafiə xəttinin oyunçuları məşqçi Mihay Teja ilə ayrılıqda taktiki hazırlıqlarını davam etdirdilər.
"İnter"ə qarşı keçirilmiş son oyunda meydana yalnız ikinci hissədə daxil olan Uinston Parks da məşqdə tam olaraq iştirak etdi. Üç qolla Azərbaycan Kubokunun bombardiri olan hücumçudan durumunun necə olduğunu öyrəndik: "Artıq özümü yaxşı hiss edirəm. Oyuna tam hazır olduğumu deyə bilərəm. Əlbəttə, qarşıdakı oyun çox çətin olacaq. Rəqibi ötən oyunda məğlub etdiyimizdən, onlar kifayət qədər əsəbi olacaqlar. Oyundan nə gözləyirəm? Əlbəttə ki, qələbə. Lakin bunun üçün biz çox diqqətli olmalıyıq və əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq. Azarkeşlərimizin də, komandanın da bu qələbəyə ehtiyacı var. Ümid edirəm ki, biz bunu bacaracağıq".
Xatırladaq ki, "Bakı" - "Xəzər Lənkəran" oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 18:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə