Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzovun SİA-ya müsahibəsi:
- Əsgərxan müəllim, Rumıniyada keçirilən son Avropa çempiontında yetirmələrinizin çıxışı sizi qane etdimi?
- Buxarest şəhərində təşkil edilmiş güləş üzrə gənclər arasında Avropa çempionatı Azərbaycan milli komandası üçün uğurlu keçdi. 8 çəki dərəcəsində tam heyətlə çıxış etdik. 6 idmançımız medal uğrunda güləşdi, 2 qızıl və 4 bürünc medal qazandıq. Komandamız böyük əzmkarlıq göstərdi. 74 kq çəki dərəcəsində güləşən Murad Süleymanov və 84 kq-da yarışan Hacımurad Məhəmmədsəidov erməni idmançını məğlub edərək, finala vəsiqə qazandı. İdmançılarımıza uduzan həmin 2 erməni güləşçinin hər ikisi isə türk idmançıları məğlub edərək 3-cü oldular. Bu zaman bərkdən qışqıran zaldakı ermənilər, final görüşündə Azərbaycan güləşçilərinin rusları məğlub edib qızıl medal qazanmasından sonra ölkəmizin himnin səsləndirilib, bayrağının onların bayrağından yuxarıda qaldırılacağını görəndə aradan çıxdılar. Mükafatlandırma mərasiminin hər iksində Azərbaycanın bayrağı ən yüksəkdə qaldırldı və himni səsləndirildi. Bir çəkidə sağ tərəfdə Rusiyanın, sol tərəfdə Gürcüstan və Ermənistan, digər çəkidə isə Ermənistan və Gürcüstan bayrağı Azərbaycan bayrağından aşağıda qaldı. Yığmamız komanda hesabında 40 ölkənin millisi arasında 3-cü oldu. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillədə qərarlaşdı. Gürcüstan 2-ci olsa da, qızıl medal qazanan idmançıları olmadı. Bayrağın qaldırılması və himnin səsləndiriməsi isə böyük şərtdir.
Millimizin nəticəsini və yetirmələrimin çıxışını qənaətbəxş hesab edirəm.
- Millimiz qarşıda hansı yarışa qatılacaq?
- Böyüklərdən ibarət əsas milli komandamız Olimpiya Oyunlarına hazırlaşır. Gənclərdən ibarət millimiz də bütün qüvvəsini bu işə səfərbər edib. Avqustun əvvəli əsas komandamız Olimpiada üçün Braziliyaya yola düşəcək. Bundan sonra avqustun 29-dan sentyabrın 4-dək Fransada keçiriləcək gənclərin dünya çempionatına hazırlaşacağıq.
- Dünya və Avropa çempionatlarında iştirak edəcək heyəti necə seçirsiniz?
- Heyəti formalaşdırmaq üçün Azərbaycan çempionatı və Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda yarışlardan seçimlər edirik. Müəmmalı qalan çəkilərdə isə növbəti beynəlxalq turnirlərdəki çıxışları təhlil edirik. Əgər çempionatlara qədər turnir olamasa, rəqabət olan çəkilərdəki 1 və 2 nömrəli idmançılar arasında AGF-nin hakimlərinin iştirakı ilə görüş təşkil edirik.
- Gənclərdən ibarət yığma komandamız böyüklərdən ibarət əsas milli komandaya kifayət qədər güclü idmançılar yetişdirə bilirmi?
- Bəli, gənclərdən ibarət millimiz əsas yığma komandaya kifayət qədər güclü idmançılar yetişdirir. Qeyd edim ki, Rio-2016 Olimpiya Oyunlarında iştirakları nəzərdə tutulan, 57 kq-da güləşən Hacı Əliyev və Olimpiya çempionumuz Toğrul Əsgərov (2009-cu ildə yeniyetmələr, 2010-cu ildə gənclər arasında Avropa çempionu, 2011-ci ildə gənclər arasında dünya çempionu, 2012-ci ildə böyüklər arasında Olimpiya çempionu) gənclərdən ibraət milli komadanın heyətində yetişdirilib və böyüklərdən ibarət əsas komandaya keçidləri təmin olunub. Əsas milli komandamızda yer alan Cəbrayıl Həsənov da gənclərdən ibarət millimizin heyətində yetişririlib. Nəticələrimiz qənaətbəxşdir.
- Ən yuxarı çəki dərəcələrindəki boşluq aradan qaldırılıb?
- Ən yuxarı çəki dərəcələrində olan boşluğu hələ ki, tam şəkildə aradan qaldırmaq mümkün olmayıb. Amma bu istiqamətdə işlər aparılır. 74 kq çəki dərəcəsində güləşən Murad Süleymanov Avropa çempionu oldu. Bu, onun gənclər arasında sonuncu yarışı idi. Yəqin ki, növbəti illərdə böyüklərdən ibarət əsas milli komandada yarışacaq. Ancaq 96 və 120 kq çəki dərəcələrində güclü idmançılara ehtiyacımız var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB