Cavid Qurbanov: "İşlərin sürətləndirilməsi zamanın tələbidir"

Cavid Qurbanov: "İşlərin sürətləndirilməsi zamanın tələbidir"

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Çin Xalq Respublikasının "Cedar Ave Capital" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək, Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir: "Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik".

Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə