Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb FOTOLAR

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə "ippon" (təmiz qələbə) ilə qalib gələn F.Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu məğlub edib. Beləliklə, Azərbaycan cüdoçusu dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə