Cəmşid Xeyrabadi: "And içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacağıq" AÇIQLAMA
"Komandamız I Avropa Oyunlarına hazırlıq məqsədi ilə 18 təlim-məşq toplantısı keçib". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrabadi deyib. O, yığmamızın tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq I Avropa Oyunlarına hazır olduğunu qeyd edib. Baş məşqçinin sözlərinə görə, Tehranda təşkil olunmuş Dünya Kubokundan sonra idmançılarımızda ruh yüksəkliyi yaranıb: "Bütün komanda heyəti - həm güləşçilər, həm də məşqçilər and içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacağıq və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəslərinə qədər mübarizə aparacaq. Mən çox federasiyalarda işləmişəm. Dünyada Azərbaycan Güləş Federasiyası kimi işini tam görən federasiyalar azdır".
C. Xeyrabadi I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışacaq yığma komandamızın heyətini də açıqlayıb: "Hər çəkidə 2 nəfəri nəzərdə tutmuşuq. 59 kq çəkidə Elman Muxtarov və Rövşən Bayramov, 66 kq-da Həsən Əliyev və Kamran Məmmədov, 71 kq çəkidə Rəsul Çunayev və Rüstəm Əliyev, 75 kq-da Elvin Mürsəliyev və Niyaməddin İbrahimov, 82 kq-da Rafiq Hüseynov və Emin Əhmədov, 85 kq-da Saman Təhmasibi və İslam Abbasov, 98 kq çəkidə Orxan Nuriyev, 130 kq çəkidə isə Sabah Şəriəti mübarizə aparacaq. Qalan 8 nəfəri də federasiyada elan edəcəyik. Güləşçilər tam şəkildə sağlamdırlar və heç bir zədələri yoxdur".
Baş məşqçi güləşçilərimizin hamısına ümid bəslədiyini qeyd edib: "Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümüd edirəm. Bu, rekordsuz idman növüdür və buna görə də neçə medal qazanacağımızı demək olmur. Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilərimiz var.
I Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, Macarıstandır. Bu ölkələrin çox yaxşı kamandaları var. Ümid edirəm ki, Azərbaycan komandası hamısından yaxşı olar".
Səbiyyə Əliyeva
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB